Bu gəmilər vaxtilə Xəzər sularında üzüb. İndi isə istismar müddətini başa vurub və sahildə səssizcə sonlarını gözləyən “təqaüdçülərə” çevriliblər – “Gəmi qəbiristanlığında”...
Lent.az Gəmi Təmiri Zavodunun yaxınlığındakı istismara yararsız gəmilərin yığıldığı ərazidən reportajı təqdim edir.
“Bibiheybət” ərazisindəyəm. İşə tələsən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) əməkdaşları velosipedlə yanımdan ötüb keçirlər. Nəhayət, gəmilərin olduğu əraziyə çatıram. “VİXR-3”, “VİXR-8” adlı və Sabit Orucov, Əli Əmirov və Samir Quliyev adına olan gəmilər yanaşı düzülüb. Gəmilər olduqca köhnə və aşağı hissələri paslanmış görünür.
Bu gəmilərin arasında mənə özəlliklə maraqlı olan “Sabit Orucov” gəmisidir. Sabit Orucov SSRİ qaz sənayesi naziri, alim olub. Bu gəmi 1990-cı il 20 Yanvar faciəsi zamanı Bakı buxtasında tarixi rol oynayıb. Həmin günlərdə Bakı buxtasında olan bütün mülki gəmi kapitanlarının məşvərət komitəsi və əməliyyat qərargahı məhz bu gəmidə fəaliyyət göstərib, dənizçilərin birgə fəaliyyətinin koordinasiyası buradan həyata keçirilib “Sabit Orucov” gəmisi dənizçilərin təşkilatlanmasında və taktiki müqavimətinin mərkəzinə çevrilib, Bakı buxtasına giriş-çıxışın bağlanmasında əsas rol oynayıb.
İndi isə sahildə utilizasiya olunub metalloma veriləcəyi günü gözləyir. Dənizin suyu çəkildiyi üçün gəminin aşağı tərəfində neftə bulaşmış suyun izi qalıb. Yanımdan velosipedlə keçən orta yaşlı bir kişi gəmiyə maraqla baxıb fotolarını çəkdiyimi görüb sürətini yavaşladır.
- Salam...
Kişi velosipedi saxlayıb salamımı alır.
- Bilmirsiz, bu gəmiləri nə edəcəklər? "Sabit Orucov"un maraqlı tarixi var...
- Maraqlı tarixi yoxdu, elə tarixdir o gəmi. Nə edəcəklər? Lazım olan hissələri götürüb verəcəklər metalloma. Sən uşaqsan, bilməzsən, 20 Yanvar hadisələri vaxtı bilirsiz nə qədər iş görüb bu gəmi?
Faciə zamanı ilk beynəlxalq SOS siqnalı da məhz bu gəmidən verilib. Gəmi vasitəsilə dənizçilər baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmağa nail olublar. Burada təcrübəli 7 gəmi kapitanı, eləcə də ağsaqqallar və fəal dənizçilər toplaşmışdılar. Atılan hər bir addım və qəbul olunan qərarlar müzakirə edilir, sonra efir vasitəsilə gəmilərə ötürülür, müzakirələr aparılandan sonra qəbul edilən bəzi qərarlar həyata keçirilirdi.
“Sabit Orucov” gəmisi həm də hərbi gəmilərin qarşısını kəsərək Bakı Buxtasını bloklayan gəmilərdən biri olub. Gəmi həmin vaxt gülləbaran edilib. Gəminin kapitanı Mövlud Əliyev olub. Heyət üzvlərinin dediyinə görə, güllə yerləri hələ də qalır. Lakin gəminin içərisinə daxil ola bilmədiyimizə görə, həmin izləri görə bilmədik.
Gəminin heyət üzvləri sonradan həbs edilib. Həmin heyət üzvlərindən biri ilə müsahibəni yaxın günlərdə təqdim edəcəyik.
“Sabit Orucov” gəmisinin taleyi necə olacaq?
Bu barədə Lent.az-a danışan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi bildirib ki, texniki vəziyyəti və təhlükəsizlik göstəriciləri müəyyən edilmiş tələblərə cavab verməyən gəmilər müvafiq prosedurlara uyğun olaraq qeydiyyatdan çıxarılır:
“Bundan sonra Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) tərəfindən ixtisaslaşmış şirkətlərlə bağlanmış müqavilələr əsasında həmin gəmilər metallom kimi utilizasiya olunmaq üçün təhvil verilir.
Qeyd edilməlidir ki, texniki baxımdan yararsız və təhlükəsizlik tələblərinə cavab verməyən gəmilərin istismarı beynəlxalq dənizçilik konvensiyalarına ziddir. Bu yanaşma dənizdə hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və insan həyatı üçün risklərin qarşısının alınması baxımından əsas prinsiplərdən biridir”.
Zənnimcə, belə maraqlı tarixi olan qəhrəman gəmi muzeyə çevrilməli və öz tarixçəsi ilə bulvarda nümayiş edilməlidir...
Bu gün sizə başqa bir gəmidən də bəhs edəcəyik. Çoxunuzun gördüyü, lakin tarixindən xəbərsiz olduğu bir gəmiyə yolüstü baş çəkirəm. “Xalça muzeyi”nin arxası, “Dəniz Mall”ın yanında, dənizdə sadəcə paslanıb şürümüş qalıqları görünən “Kodor” gəmisi.
Sahildəyəm. İnsanlar bir hissəsi suyun üzündə olan gəmiyə fikir vermədən dəniz kənarında dayanıb siqaret çəkir, tum çırtlayırlar. Qağayılar gəminin paslanmış hissələri arasında gəzişir, dalğaların gətirdiyi yem axtarırlar. Diqqətlə baxanda gəmidə insanların atdığı su butulkaları, siqaret kötüklərini görmək olur.
Bəs “Kodor” Bakıya necə gəlib?
İkinci Dünya Müharibəsindən sonra Finlandiya SSRİ-yə təzminat ödəməli idi. SSRİ Dəniz Donanması Nazirliyinin sifarişi əsasında 1946-cı ildən 1953-cü ilədək təzminat borcunun bir hissəsi olaraq ümumilikdə 102 ədəd taxta yelkənli gəmi inşa edilərək istifadəyə verilib. Bu gəmilərin ümumi dəyəri 66,2 milyon dollar dəyərində idi ki, bu da ümumi təzminat məbləğinin təxminən 30%-i demək idi. O, 44-50 sərnişin və əlavə 15 nəfərlik heyət daşıya bilirdi.
Leninqrad Dənizçilik Məktəbinə məxsus olan bu gəmi kursantlarla birlikdə Atlantik okeanının sularında və 11 dənizdə, əsasən, Baltik dənizində səyahətlər edirdi. “Kodor” təxminən otuz il istismarda olmuşdu. Onun göyərtəsində təxminən üç min dənizçilik kursantı təcrübə keçib və onlar sonradan yüksək ixtisaslı dəniz mütəxəssisləri olublar.
1983-cü ildə “Kodor” gəmisi Bakı yaxta klubuna hədiyyə edildi. Bir neçə dəfə“Kodor” yelkən açaraq su-idman bayramlarında iştirak etdi, daha sonra isə hərbi gəmi təmir zavoduna göndərildi. Daha sonra isə gəmini “Kapitan Qranın axtarışında” filminin çəkilişləri üçün Bakıdan aparıblar. O vaxta qədər “Kodor”un artıq “aktyorluq təcrübəsi” var idi. Onu “Xəzinə adası” və “Arabella, Piratın qızı” (1982) filmlərində istifadə etmişdilər.
Xəzər dənizində rejissor Stanislav Govoruxinin istədiyi kimi sahil qayaları tapılmadığı üçün “Kapitan Qranın axtarışında” filminin çəkilişləri Krımda və Bolqarıstanda aparılmışdı. “Kapitan Qranın axtarışında” filminin çəkilişindən sonra “Kodor” Bakıya qayıtdı, 1986-cı ildə isə yenidən şəhəri tərk etdi. Bu dəfə isə Jül Vernin “On beş yaşlı kapitan” romanının motivləri əsasında çəkilən “Kapitan Piliqrim” filmində iştirak edəcəkdi.
Çəkilişdən sonra “Kodor” Bakıya qayıtdı və bir daha buranı tərk etmədi. Bakıda hər kəs ümid edirdi ki, bu dəfə gəmi mütləq Dənizçilik Məktəbinə veriləcək. Ya da ən azından səyahət gəmisi kimi fəaliyyət göstərəcək. Lakin o qədər filmə çəkilən və maraqlı tarixçəsi olan bu gəmi sonda Bakıda mədə-bağırsaq müstəvisinə salınıb restorana çevrilir.
1999-cu ilin avqustunda hələ də restoran kimi fəaliyyət göstərən “Kodor” yandı. Yanğın təsadüfən çıxmışdı, ya qəsdən törədilmişdi, bu, bilinmir. Xəzərin coşub-daşan vaxtlarında suyun dibinə çöküb balıqların gizli bir qəsrinə çevrilən gəmi dənizin çəkilməsi səbəbilə bir hissəsi üzə çıxıb maraqlı və bir o qədər də kədərli taleyindən xəbərsiz sakinlərin “göz zövqünü korlamaqla” məşğuldur...
Kodor gəmisi Sabit Orucov Sabit Orucov gəmisi Xəzər Dənizi Kapitan Qrantın uşaqları








