Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
"Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb", - deyə vurğulanıb.
Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.
"1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək", - deyə qurumun məlumatında vurğulanıb.
***
Saat 04:50
Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
***
Saat 04:30
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov gəlib.
***
Saat 04:08
Respublika Perinatal Mərkəzdə yanğın olub.
Lent.az xəbər verir ki, Yusif Səfərov küçəsində qeydə alınıb.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib.








