IMG-LOGO

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərini daha yüksək səviyyəyə qaldıracaq - RƏY

08 Jan 2026 17:08 10 baxış
IMG

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətləri daha yüksək səviyyəyə qaldıracaq.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində toxunduğu məsələlərdən biri də Azərbaycan-ABŞ münasibətləridir:

"Dövlət başçısının da qeyd etdiyi kimi, Tramp administrasiyasınadək iki ölkə arasında çox ciddi problemlər yaranmışdı. Bu problemlər əvvəlki rəhbərliyin siyasətindən qaynaqlanırdı və hazırkı mərhələdə arxada qalıb. Bunun da səbəbi Tramp administrasiyasının Azərbaycanla münasibətlərə daha rasional, praqmatik yanaşmasıdır. Bu yanaşmanın nəticəsi olaraq iki ölkə arasında münasibətlər ciddi surətdə normallaşmağa doğru gedir".

Siyasi şərhçi, həmçinin bildirib ki, iki ölkə münasibətlərinin normallaşmasını təsdiqləyən faktlardan biri də 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit oldu:

"Vaşinqton görüşündə əldə olunan razılaşmalar artıq iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olmasına təkan verdi. Bu gün Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətləri dərinləşməkdədir. Siyasi, iqtisadi, müdafiə, enerji, rəqəmsal infrastruktur və digər sahələrdə müsbət dinamikanı müşahidə edirik".

M.Məmmədli, eyni zamanda, iki ölkə arasında münasibətlərə mənfi təsir göstərən amillərdən birinin də "907-ci düzəliş" olduğunu xatırladıb:

"Tramp həmin "düzəliş"in müvəqqəti dayandırılması ilə bağlı sərəncam imzalayıb. Ancaq "907-ci düzəliş"i aradan qaldırmaq üçün ABŞ Konqresi qərar qəbul etməlidir və artıq belə bir qanunvericilik təşəbbüsü ilə də çıxış ediblər. "907-ci düzəliş"in tamamilə aradan qaldırılması üçün artıq müəyyən siyasi zəmin formalaşıb. Əslində, onun mövcudluğu üçün heç bir əsas qalmayıb. Bu "düzəliş" indiki mərhələdə aradan qaldırılarsa, iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq".

Siyasi şərhçi xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan və ABŞ-nin Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayan İşçi Qrupunun onlayn görüşü keçirilib və sənədin müxtəlif aspektləri müzakirə olunub:

"Fikrimcə, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası yaxın zamanlarda imzalana bilər. Sənədlə bağlı iş yekunlaşmaq üzrədir. Əgər Strateji Tərəfdaşlıq Xartiyası imzalanarsa, Azərbaycan-ABŞ münasibətlərində çox böyük tarixi hadisə olar, iki ölkə arasında münasibətləri daha da yüksək səviyyəyə qaldırar. Ümumilikdə görünən odur ki, iki ölkə arasında yalnız siyasi əlaqələr deyil, həm də sahəvi əlaqələr dərinləşməkdədir. Hazırda münasibətlər institutlaşmağa doğru gedir. Qarşılıqlı investisiya qoyuluşu da hər iki tərəf üçün vacib məsələdir. Bu investisiyaların qoyulması həm iqtisadiyyata, həm də əlaqələrin inkişafına töhfə verər".

Xəbər lenti