Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 591,459 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 2,4 % artaraq 249,144 milyon manata çatıb.
Beləliklə, 11 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 43,8 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,833 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,7 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.