Azərbaycanda ödəniş kartları ilə həyata keçirilən nağdsız ödənişlərin illik məbləği 100 milyard manata, onun xüsusi çəkisi isə 68 %-ə çatıb ki, bu da bir çox ölkələrdən üstün göstəricidir.
"Report" xəbər verir ki, bunu "Mastercard Advisors & Consulting Services" şirkətinin nümayəndəsi Eren Özkan Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Azərbaycan regionda rəqəmsallaşma baxımından ən sürətlə inkişaf edən, ən qabaqcıl mövqelərə yüksələn ölkələrdən biridir. Rəqəmsallaşmanın əsas göstəricilərindən biri kart əməliyyatlarının hansı hissəsinin nağdsız formada həyata keçirilməsidir. Təxminən 10 il əvvəl Azərbaycanda bu göstərici 10 % ətrafında idisə, hal-hazırda 68 %-ə yüksəlib. Bu, həqiqətən böyük sıçrayışdır. Azərbaycan bu göstərici üzrə bir çox ölkəni, o cümlədən ÜDM-i dəfələrlə çox olan ölkələri geridə qoyub", - deyə o qeyd edib.
"Ümumiyyətlə, təxminən hər 10 ildən bir ödəniş ekosistemində ciddi dəyişiklik baş verir. 20-30 il əvvələ nəzər salsaq, əsas ödəniş vasitəsinin plastik kartlar olduğunu görərik. Daha sonra təmassız ödəniş texnologiyaları inkişaf etdi və kartlardan çip, PİN və ya maqnit zolaqdan istifadə etmədən təmassız ödənişlər aparmaq mümkün oldu. Növbəti mərhələdə isə mobil cihazlar və smartfonlar bu sahədə ön plana çıxdı. Bu baxımdan mobil ödənişlərin inkişafı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Təxminən dörd il əvvəl "Apple Pay" və "Google Pay" kimi texnologiyaların Azərbaycanda istifadəyə verilməsindən sonra bu sahədə ciddi irəliləyiş əldə olunub. Hazırda hər iki təmassız əməliyyatdan biri mobil telefon vasitəsilə həyata keçirilir. Bu, həqiqətən də yüksək göstəricidir. Dünyada bu səviyyəyə çatan ölkələrin sayı çox deyil. Böyük Britaniya və Sinqapur kimi ölkələr də bu baxımdan ön sıralardadır. Azərbaycan isə regionumuzda, xüsusilə Şərqi Avropa coğrafiyasında mobil ödənişlərin tətbiqi və istifadəsi üzrə ən qabaqcıl ölkələrdən biridir",- deyə "Mastercard" rəsmisi əlavə edib.
Mənbə: report.az