Gələn il Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklarda model risklərinə nəzarəti gücləndirəcək.
"Report" xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.
"Beləliklə, əgər süni intellektdən yalnız xərcləri azaltmaq və insanı tamamilə əvəz etmək məqsədilə istifadə olunarsa, bu, effektivliyin artırılmasına deyil, sistem risklərinin toplanmasına şərait yaradacaq. Məhz bu kontekstdə bu gün bankların risk profillərinə nəzər saldıqda model risklərinin ön plana çıxdığını görürük. Belə ki, qeyri-dəqiq və yaxud yanlış tətbiq olunan riyazi və süni intellekt modelləri bankları maliyyə itkiləri, yanlış idarəetmə qərarları və reputasiya riskləri ilə üz-üzə qoya bilər. Məhz buna görə AMB 2027-ci ildə model risklərini kredit və əməliyyat riskləri ilə yanaşı, əsas nəzarət prioritetlərindən biri kimi müəyyənləşdirəcək", - deyə o qeyd edib.
AMB rəsmisi əlavə edib ki, bank sektorunun inkişafının təmin olunması və müasir dövrün yaratdığı yeni çağırışlara cavab verilməsi qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq fəaliyyət nəticəsində mümkündür: "Əminəm ki, bu forum mövcud əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə və ortaq maraqlara xidmət edən təşəbbüslərin təşviqinə mühüm töhfə verəcək".
Mənbə: report.az