IMG-LOGO

Bahar Muradova: Vətəndaş cəmiyyətinin əsas dayaqlarından biri də qadınların qərar qəbuletmə prosesində iştirakıdır

24 Nov 2026 10:34 6 baxış
IMG

Vətəndaş cəmiyyətinin əsas dayaqlarından biri də qadınların qərar qəbuletmə prosesində iştirakıdır.

"Report"un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda açılış nitqində deyib.

Komitə sədri bildirib ki, qadınların dövlət qulluğunda, təyinatlı vəzifələrdə, yerli və milli səviyyəli seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, eləcə də məhkəmə-hüquq sistemində, mediada təmsilçiliyi artmaqdadır.

Bahar Muradova qeyd edib ki, bu istiqamətdə dövlət siyasətinin nəticəsi kimi həyata keçirilən çoxsaylı layihələr və proqramlar mövcuddur. O, qadınlara qarşı məişət və digər zəminlərdə törədilən zorakılığın, eləcə də erkən evliliyin və zərərli adətlərin qarşısının alınmasının Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğuna diqqət çəkib: "Bu xüsusda son illərdə ölkə qanunvericiliyində dəyişikliklər edilib, bir sıra addımlar və mexanizmlər reallaşdırılmaqdadır".

Komitə sədri çıxışında erkən evlilik məsələsinə də toxunub: "Bu hal bir qayda olaraq qızların təhsil, sağlamlıq, şəxsi inkişaf və gələcəklərini sərbəst müəyyənləşdirmək imkanlarını məhdudlaşdıran sosial bəladır. Hər bir qızın təhsil alma, sağlam və təhlükəsiz mühitdə böyümək, öz gələcəyini qurmaq hüququ var və bu hüquq dövlət tərəfindən qorunmaqdadır. Hesab edirəm ki, din xadimlərinin, dini qurumların bu istiqamətdə də müəyyən rol və təsir gücü vardır ki, biz bunu birlikdə həyata keçirə bilərik".

Mənbə: report.az

Xəbər lenti