Azərbaycanda etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun formalaşdırılması üçün müasir texnologiyaların və analitik yanaşmaların inteqrasiyası həyati əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.
"Xüsusilə, süni intellekt (AI) və böyük verilənlərin (Big Data) tətbiqi risklərin idarə olunmasında yeni imkanlar açır. Bu texnologiyalar vasitəsilə banklar kredit, likvidlik, bazar və əməliyyat risklərini daha proaktiv və dəqiq şəkildə qiymətləndirə, real-vaxt analitik qərar mexanizmləri ilə operativ və çevik reaksiya imkanları əldə edə bilərlər", - deyə o qeyd edib.
İcraçı direktorun sözlərinə görə, bununla yanaşı, bank əməliyyatlarının kibertəhlükəsizlik tələblərinə uyğunlaşdırılması və rəqəmsal ödəniş risklərinin səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır: "Elektron bankçılıq və nağdsız ödənişlərin genişləndirilməsi təhlükəsizlik mexanizmlərinin gücləndirilməsini və maliyyə əməliyyatlarının etibarlılığının təmin edilməsini tələb edir. Ölkədaxili nağdsız kart ödənişlərinin məbləği 25,6 % artaraq 99,1 milyard manat təşkil edib, elektron ticarət əməliyyatlarının sayı və məbləği müvafiq olaraq 43,4 % və 29,8 % yüksəlib. İnternet və mobil bankçılıq üzrə müştəri köçürmələrində də müvafiq olaraq 12,4 % və 14,3 % artım qeydə alınıb".
V.Qasımlı əlavə edib ki, bank sektorunda maliyyə dayanıqlığının möhkəmləndirilməsi və kredit aktivliyinin genişləndirilməsi istiqamətində müsbət dinamika müşahidə olunur: "Belə ki, hesabat dövründə bank sektorunun məcmu kapitalı 3,3 % və yaxud 224 milyon manat artaraq 7,1 milyard manata çatıbr. Bu göstərici bank sektorunun maliyyə dayanıqlığının gücləndiyini və iqtisadiyyatda maliyyə vasitəçiliyi imkanlarının genişləndiyini nümayiş etdirir. Bank sektorunun aktivlərinin strukturunda xalis kredit portfelinin xüsusi çəkisi 49,1 %, likvid aktivlərin payı 25,3 %, digər aktivlərin payı isə 25,6 % təşkil edib. Aktivlərin strukturunda kredit portfelinin əhəmiyyətli paya malik olması bankların real sektorun maliyyələşdirilməsində mühüm rol oynadığını göstərir. Eyni zamanda, likvid aktivlərin mövcudluğu bankların öhdəliklərini vaxtında yerinə yetirmək və maliyyə sabitliyini qorumaq imkanlarını dəstəkləyir. Bank sektorunun kredit portfeli 11,8 % artaraq 31,8 milyard manata çatıb. Kreditləşmənin bu dinamikası iqtisadi subyektlərin maliyyə resurslarına çıxışının genişlənməsinə və bank sektorunun iqtisadi aktivliyin dəstəklənməsində rolunun artmasına şərait yaradır. Belə ki, kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in 6,1 %-lik artım tempini üstələməkdə davam edir".
İTKM-in rəhbəri həmçinin deyib ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun formalaşdırılması çərçivəsində, maliyyə institutları, fintech şirkətləri və digər maraqlı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi informasiya mübadiləsini və innovasiyaların tətbiqini sürətləndirməklə yanaşı, risklərin daha səmərəli idarə olunmasına şərait yaradır: "Bu konteksdə, tənzimləyici orqanların texnoloji yeniliklərə uyğunlaşması, müasir normativ çərçivələrin və standartların tətbiqi, süni intellekt və böyük verilənlər kimi innovativ alətlərdən istifadə bank sektorunun təhlükəsizliyinin və fəaliyyət səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Bu yanaşma bankların dəyişən iqtisadi və texnoloji mühitə çevik uyğunlaşmasına, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və müştərilərin etimadının möhkəmləndirilməsinə imkan verir. Bank sektorunun gələcək inkişafı yalnız maliyyə göstəricilərinin yaxşılaşdırılması ilə deyil, həm də innovativ, inteqrasiya olunmuş və məsuliyyətli fəaliyyət modelinin qurulması ilə müəyyən olunur. Bu istiqamətdə atılan addımlar maliyyə sabitliyinin qorunmasına, iqtisadi inkişafın dəstəklənməsinə və cəmiyyətin bank sisteminə olan inamının daha da artırılmasına mühüm töhfə verəcək".
Mənbə: report.az