IMG-LOGO

"Hilton Garden Inn Agdam" hotelində müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var

25 Dec 2025 13:41 5 baxış
IMG

Ağdamda istifadəyə verilən 287 yerlik "Hilton Garden Inn Agdam" hotelində müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında "Hilton Garden Inn Agdam"" hotelinin direktoru Anar İbrahimov deyib.

Onun sözlərinə görə, üümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir:

"287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir".

A.İbrahimov hotel binasının təməlinin 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulduğunu xatırladaraq müəssisənin fəaliyyətə başlamasının bölgə turizminin inkişafına təkan verəcəyini vurğulayıb:

"İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Bu hotellər, turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçün geniş imkanlar yaradır".

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hotelinin açılışında iştirak edib.

Xəbər lenti