İslam İnkişaf Bankı (IDB) Türk İnvestisiya Fondunu (TİF) birgə maliyyələşdirmə mexanizmləri, xəzinədarlıq sahəsində əməkdaşlıq və bilik mübadiləsi vasitəsilə dəstəkləməyə hazırdır.
"Report" xəbər verir ki, bunu IDB-nin vitse-prezidenti Zamir İqbal TİF-in prezidenti Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Görüş zamanı gələcəkdə iki qurum arasında likvidlik xəttinin yaradılması imkanı, əlverişli bazar şəraitində TİF-in sukuk buraxılışına potensial dəstək müzakirə edilib. Z.İqbal qeyd edib ki, IDB-nin məhsulun hazırlanması və İslam maliyyə prinsiplərinin tətbiqi sahəsində təcrübəsi fondun maliyyə modelinin formalaşdırılmasında faydalı ola bilər.
B.Amreyev, öz növbəsində, fondun IDB ilə uzunmüddətli və praktiki tərəfdaşlıq qurmaq niyyətini təsdiqləyib. O, iki qurumun strateji prioritetlərinin yüksək səviyyədə üst-üstə düşdüyünü vurğulayıb və layihələrin birgə maliyyələşdirilməsi, xəzinədarlıq və likvidliyin idarə edilməsi, resursların səfərbər edilməsi və institusional potensialın inkişafı kimi istiqamətlərdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Bundan başqa, TİF-in prezidenti anlaşma memorandumu, müntəzəm texniki dialoq və birgə layihə portfelinin formalaşdırılması vasitəsilə qarşılıqlı fəaliyyətin rəsmiləşdirilməsinin vacibliyini qeyd edib. O, əməkdaşlığın dərinləşdirilməsinin hər iki təşkilatın üzvü olan dövlətlər üçün konkret nəticələr verə biləcəyinə əminliyini ifadə edib.
IDB-nin vitse-prezidenti bildirib ki, bank əməliyyatlarının təxminən 90 %-i dövlət sektorunun payına düşür. Bununla yanaşı, IDB-nin strukturunda ixtisaslaşmış dövlət-özəl tərəfdaşlığı departamenti fəaliyyət göstərir. TİF bankın tövsiyəsi ilə missiya çərçivəsində həmin departamentlə ayrıca məsləhətləşmələr aparıb.
Görüş tərəflərin strukturlaşdırılmış və praktiki əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib. Həmçinin 16-19 iyun 2026-cı il tarixlərində IDB-nin Bakıda keçiriləcək illik iclasları ərəfəsində əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı razılıq əldə edilib.