Avrasiya İnkişaf Bankı (EDB) çoxtərəfli inkişaf banklarının Avrasiya regionu ölkələrinin inkişafına töhfəsini gücləndirmək üçün 8 istiqamət təklif edir.
"Report"un Almatıya ezam olunmuş müxbirinin məlumatına görə, bunu EDB-nin İdarə Heyətinin sədri Nikolay Podquzov KİV nümayəndələri üçün "Çoxtərəfli inkişaf bankları daxilində: inkişaf bankları necə işləyir" mövzusunda keçirilən seminarda bildirib.
"İnvestisiyaları suveren layihələrdən qeyri-suveren layihələrə yönəltmək lazımdır ki, bu da büdcə yükünü azaldacaq, çevikliyi isə artıracaq. Həmçinin sürətli artımı, məşğulluğu və insan kapitalının inkişafını stimullaşdırmaq üçün emal sənayesinə və kənd təsərrüfatına investisiyaları artırmaq vacibdir. Digər perspektivli istiqamət isə atom enerjisi və kömürdən qaza keçid daxil olmaqla, ənənəvi aşağı karbonlu energetikaya investisiyalardır", - o deyib.
Sədrin sözlərinə görə, çoxşaxəli inkişaf bankları dünyada ən az qiymətləndirilmiş əsas resurs olan su təchizatı təhlükəsizliyinə də investisiya qoymalıdır.
"Bundan başqa, çoxtərəfli inkişaf banklarının özəl kapital cəlb edən, ideal lövbər rolunu oynayan investorlar qismində çıxış etdiyi transsərhəd nəqliyyat infrastrukturuna investisiya qoyulmalıdır. Yerli valyutada maliyyələşdirməni artırmaq vacibdir - iştirakçı ölkələr bunu istəyir və bu, yerli maliyyə bazarlarının inkişafına və valyuta risklərinin azaldılmasına kömək edir. Daha bir perspektivli istiqamət data mərkəzlərin infrastrukturudur. Çoxtərəfli inkişaf bankları 20 il əvvəl telekommunikasiya şirkətlərinin qurulmasına kömək etdiyi kimi, bu gün onlar süni intellekt infrastrukturunun da yaradılmasına töhfə verə bilərlər. Nəhayət, ümumi səmərəliliyi artırmaq üçün çoxtərəfli inkişaf bankları arasında daha sıx əməkdaşlığa ehtiyac var", - N.Podquzov əlavə edib.
EDB rəhbəri qeyd edib ki, çoxtərəfli inkişaf bankları nadir hallarda bir-biri ilə əlaqə saxlasalar da, onların qarşılıqlı əlaqəsi son dərəcə vacibdir: "Heç bir beynəlxalq maliyyə təşkilatı böyük kapital tutumlu infrastruktur layihələrinin tikintisini müstəqil şəkildə maliyyələşdirə bilməz. İnkişaf etməkdə olan iqtisadiyyatların artan tələbatlarını ödəmək üçün çoxtərəfli inkişaf bankları daha dinamik olmalı, qərarları daha sürətlə qəbul etməli, daha fəal əməkdaşlıq etməli və yeni inkişaf layihələrinə investisiya qoymalıdırlar".