IMG-LOGO

Azərbaycanda beynəlxalq maliyyə institutlarının əməliyyatlarının həcmi 2008-ci ildən 2,6 milyard dolları ötüb

18 Dec 2025 18:04 5 baxış
IMG

2022-ci il yanvarın 1-dən 2025-ci ilin üçüncü rübünün sonunadək Avrasiya regionunda beynəlxalq maliyyə təşkilatlarının təsdiqlənmiş qeyri-suveren maliyyələşdirməsinin ümumi həcmi 21,61 milyard ABŞ dolları təşkil edib.

"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankının (EDB) İdarə Heyətinin sədri Nikolay Podquzov bankın 2025-ci il üzrə yekun mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ümumi maliyyələşdirmənin 41 %-i EDB-nin payına düşür.

"Hesabat dövründə EDB region ölkələrinə 8,81 milyard ABŞ dolları həcmində maliyyələşdirmə təqdim edib. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 4,99 milyard ABŞ dolları, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2,52 milyard ABŞ dolları, Asiya İnkişaf Bankı (ADB) 1,55 milyard ABŞ dolları, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) 1,49 milyard ABŞ dolları, Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) isə 0,79 milyard ABŞ dolları ayırıb.

Bundan əlavə, Avropa İnvestisiya Bankı (EIB) 0,7 milyard ABŞ dolları, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) 0,31 milyard ABŞ dolları, OPEC Fondu 0,25 milyard ABŞ dolları, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) 0,14 milyard ABŞ dolları, Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankı (IBEC) və Fransa İnkişaf Agentliyi (AFD) isə hər biri 0,03 milyard ABŞ dolları həcmində maliyyələşdirmə təqdim edib", - deyə N.Podquzov vurğulayıb.

Qeyd edək ki, 2008-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək Azərbaycanda beynəlxalq maliyyə institutlarının təsdiqlənmiş qeyri-suveren əməliyyatlarının ümumi həcmi 2,671 milyard ABŞ dolları təşkil edib.

Bu məbləğin 61,7 milyon ABŞ dolları 2025-ci ildə, qalan hissəsi isə 2008–2024-cü illər ərzində ayrılıb. Həmin dövrdə 110 layihə həyata keçirilib ki, onlardan 51-i hazırda aktivdir.

Azərbaycanda ən iri investorlar EBRD (875,3 milyon ABŞ dolları), ADB (790,5 milyon ABŞ dolları) və BSTDB (278,9 milyon ABŞ dolları) olub.

Aktiv maliyyə institutları sırasında həmçinin IFC (209 milyon ABŞ dolları), AİİB (170 milyon ABŞ dolları), EIB (119,2 milyon ABŞ dolları), ICD (116,2 milyon ABŞ dolları) və OPEC Fondu (111,9 milyon ABŞ dolları) yer alır.

Ən böyük maliyyələşdirmə istiqamətləri maliyyə sektoru (973,4 milyon ABŞ dolları), sənaye (894,8 milyon ABŞ dolları) və bərpa olunan enerji mənbələri (675,4 milyon ABŞ dolları) olub.

Nəticədə, Azərbaycanda orta illik maliyyələşdirmə həcmi 2,6 dəfə artaraq 2008–2010-cu illərdəki 108 milyon ABŞ dollarından 2022–2024-cü illərdə 280 milyon ABŞ dollarına yüksəlib.

Xəbər lenti