Xorvatiya, Avropanın ən parlaq turizm incilərindən biri kimi öz cazibəsini qoruyub saxlayır. Kristal kimi təmiz Adriatik suları, yaşıl adalar, tarixi şəhərlər, möhtəşəm amfiteatr və dünya səviyyəli təbiət qoruqları bu ölkəni səyahətçilərin xəyallarına çevirir. Hər kəs burada öz zövqünə uyğun bir yeni kəşf tapa bilər - qədim abidələrdən tutmuş aktiv istirahətə və kulinariya sirləri ilə tanışlığa qədər. Əsas odur ki, səyahət qrafikini planlaşdırıb bu əsrarəngiz ölkəyə səfər edəsən.
Mənə də belə xoş bir səfər qismət oldu. Xorvatiya ilə tanışlığım idmanla başladı. Səfərimin ilk günü mən paytaxtda Zaqreb Marafonunu qaçaraq, bu yarışa qatılan ilk azərbaycanlı kimi tarixə düşdüm. Roma Marafonundan sonra özümə məqsəd qoymuşdum ki, nəticəmi yaxşılaşdırım. Bu məqsədə çatmaq mənə Zaqrebdə qismət oldu. Şəhərin yaşıl və tarixi küçələri ilə 5 saata yaxın qaçaraq 42 kilometrlik məsafəni qət etdim. Məhz belə pozitiv hisslə mənim yadda qalacaq və 1 həftə davam edəcək səfərim başladı.
Xorvatiya yalnız mənzərələri ilə məşhur deyil. Bu ölkə, bütün dünyaya yayılan bir simvol - qalstukun yarandığı məkandır. Burada həmçinin böyük ixtiralar olub, böyük ixtiraçılar dünyaya göz açıb: alternativ cərəyan və elektroteknikanın atası Nikola Tesla, qələm ixtiraçısı Slavoljub Penkala, ilk dəniz torpedosunu yaradan Ivan Ljupis, paraşüt ixtiraçısı Faust Vrançic.
Bu gün Xorvatiya həm də zəngin şərab ənənələri, yüksək keyfiyyətli zeytun yağı və qastronomik ləzzətləri ilə tanınır - İstriyadakı göbələkkimilər fəsiləsindən olan trüfellərdən tutmuş Adriatik sahilindəki təravətli dəniz məhsullarına qədər burada hər şey sizin böyük marağınıza səbəb olacaq. Biz də bu maraqlı yerləri səfər zamanı ziyarət edə bildik.
Bu ölkə həm də dünya kino sənayesinin sevimli məkanıdır. "Game of Thrones" serialından "Troy", "The Witcher" və "Westworld" filmlərinin səhnələrinə qədər, Xorvatiya tarix və kino istehsalçılarını birləşdirən unikal bir məkan təqdim edir.
Zaqreb, qədim şəhərin cazibəsi, muzeyləri, festivalları, kafe və restoranları ilə səyahətçiləri cəlb edir. Splitdə isə qədim Roma tarixi Diokletian Sarayı ilə müasir həyatın ritmi birləşir. Plitviç gölləri təbii möcüzədir - kaskad şəklindəki şəlalələr, şəffaf göllər, gözəl təbiət qoynunda yürüş həvəskarlarını heyran edir. Dubrovnik isə öz möhtəşəm qala divarları və dar daş küçələri ilə turistləri valeh edir.
2024-cü ildə Xorvatiya 21,3 milyondan çox turist qəbul edib - bu ölkə əhalisinin beş dəfədən çoxudur. Ən çox turist Almaniya, Avstriya, Sloveniya, Polşa və Böyük Britaniyadan gəlir. 65%-i isə avtomobillə səyahət edir, beləliklə yol özü də bir macəraya çevrilir: Münhendən 7 saat, Avstriyadan 3,5 saat, Triestdən isə 3 saatlıq səyahətlə Adriatik sahilinə çatmaq mümkündür.
Adaların sakit gözəlliyi: Cres və Lošinj
Cres - Adriatik sahilinin ən sakit guşələrindən biridir. Buraya gələndə bizi əsrarəngiz təbiət sükunəti və harmoniyası qarşıladı. Dəniz sahilləri, şəffaf sular, meşələr və orta əsrlərə aid kəndlər turisti sanki başqa bir zamana aparır.
Lošinj isə "ətir adası" kimi tanınır. Burada sitrus bağları, lavanda tarlaları, dəniz brizi ilə bərabər bizim gözümüzün önündə gözəl bir mənzərə yarandı. Ziyarət etdiyimiz Apoksiomen Muzeyindəki 2000 illik bronz heykəl isə sözsüz buranın əsas simvoludur və hamı kimi bizi də heyran etdi.
Tarixi və incəsənət: Grožnjan və Rovinj
Grožnjan, rəssamlar şəhəri kimi tanınır. Dar daş küçələr, orta əsrlərə məxsus evləri və açıq hava sərgiləri ilə hər addım bir incəsənət qalereyasına çevrilir.
Rovinj isə bizdə romantik şəhər təəssüratı yaratdı -rəngli evlər və fasadlar, dar küçələr gözəl Adriatik sahilində turistlərə bir başqa həzz yaşadır.
Brioni Arxipelaqı: Tito və təbiət
Brioni adaları - tarix, təbiət və lüks istirahətin mükəmməl birləşməsidir. Bu adalar keçmişdə Yuqoslaviya lideri İosip Broz Titonun sevimli istirahət məkanı olub. Burada həm tarix muzeyləri, həm nadir bitki və heyvan növləri, həm də golf, velosiped və yürüş yolları turistləri gözləyir. Maraqlıdır ki, məşhur Brioni moda evi də məhz bu adadan ilhamlanıb.
Gastronomik səyahət: trüf, şərab və zeytun yağı
İstriya Avropanın trüf paytaxtıdır. Turistlər trüf axtarışı turlarına çıxaraq xüsusi təlim keçmiş itlərin köməyi ilə nadir göbələkləri tapır, sonra onları yerindəcə dadırlar. Biz də bu təcrübəni dostlarla birgə yaşadıq. Əlavə edim ki, bu bölgənin zeytun yağları və şərabları dünya səviyyəsində tanınır.
Səyahətlə bağlı faydalı məlumat
Xorvatiya və onun adalarını kəşf etmək üçün ən rahat vasitə avtomobil icarəsidir. Bərələr və katerlər adalara keçidi təmin edir, ictimai nəqliyyat isə yalnız əsas şəhərləri birləşdirir. Seçimlər müxtəlifdir: müasir mehmanxanalar, butik hotellər, villa və şəxsi apartamentlər - hər zövqə və büdcəyə uyğundur. Səyahətin mövsümü də əhəmiyyətlidir: yaz və payız daha sakit, yay isə festival və çimərlik mövsümünü təklif edir.
Bitməsini istəmədiyimiz səfər
Bütün qrup üzvlərimiz təsdiqləyər. Biz bu qeyri-adi səfərin sona çatmamasını arzulayırdıq. Amma hər gözəl anın bir ömrü olur. Səbirsizliklə növbəti səfəri gözləyəcəyik. Xorvatiya həqiqətən yalnız bir ölkə deyil, hər addımda sizi heyrətləndirəcək bir macəradır. Təbii gözəllik, tarix, incəsənət, mətbəx və insanları ilə buraya hər gələn turist üçün öz unikal hekayəsini yaradır. Mən də bu möcüzənin şahidi oldum. Adriatik dənizinin gözoxşayan sahillərinin sakit dalğaları, günəşli liman şəhərlərini və tarixlə müasirliyin qovuşduğu ecazkar mənzərələri gördüm. Xorvatiya mənim düşüncəmdə təkcə istirahət deyil - təbiət, mədəniyyət və zövqün ahəngi olan gözəl bir rəsm əsəri kimi qaldı. Xüsusilə uzun Zaqreb Marafonundan sonra bərpa prosesi üçün bu istirahət günləri sanki lotoreyadan böyük bir uduş almağım kimi mənə hədiyyə oldu.
Fürsətdən istifadə edərək səfəri təşkil edən Xorvatiya Milli Turizm Şurasına və dostumuz, səfər boyu bizi müşayət edən Şuranın MDB ölkələri üzrə nümayəndəliyinin direktoru Rajko Ruzickaya minnətdarlığımı ifadə edirəm.
Ayaz Mirzəyev, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri


























































