Azərbaycan və Pakistan banklarının ofislərinin açılması ikitərəfli ticarət-investisiya gündəliyinin həyata keçirilməsi üçün mühüm mexanizm ola bilər.
Bunu "Report"a müsahibəsində Pakistanın maliyyə və gəlirlər naziri Məhəmməd Auranqzeb deyib.
Onun sözlərinə görə, Pakistan və Azərbaycan arasında maliyyə alətlərinin inkişafı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün çox vacibdir.
"Maliyyələşdirmə öz-özlüyündə məqsəd deyil – bu, ticarət və investisiyalara dəstək üçün bir alətdir. Buna görə də istər Pakistanda Azərbaycan banklarının ofislərinin, istərsə də Azərbaycanda Pakistan banklarının nümayəndəliklərinin açılması olsun, maliyyə hesablaşmalarının sadələşdirilməsinə yönəlmiş istənilən tədbir bizim iddialı ticarət-investisiya gündəliyimizin dəstəklənməsi üçün vacib mexanizmlərə çevriləcək", - nazir qeyd edib.
Azərbaycanın Pakistana 1 milyard dollar kredit vermək niyyətinə toxunan M.Auranqzeb vəsaitlərin müxtəlif formatlarda strukturlaşdırıla biləcəyini vurğulayıb.
"Söhbət həm vəsaitlərin Mərkəzi Bank vasitəsilə yerləşdirilməsindən, həm də Pakistan bazarına daxil olan Azərbaycan investorlarının maliyyələşdirilməsindən gedə bilər. Məqsədimiz dayanıqlı əməkdaşlıqdır, buna görə də istənilən maliyyə axını birbaşa ticarət və investisiyalarla əlaqəli olmalıdır. Müvafiq olaraq, maliyyələşdirmə Azərbaycandan Pakistana ticarət və investisiya axınlarının sadələşdirilməsinə və strukturlaşdırılmasına kömək etməlidir", - o qeyd edib.
Nazir deyib ki, iki ölkə arasında cari ticarət həcmləri həm Pakistandan Azərbaycana ixrac, həm də əks istiqamətdə idxal baxımından mövcud potensialı əks etdirmir.
"Dəyəri 50 milyon ABŞ dollarından az olan ticarət dövriyyəsi bu cür miqyaslı iki ölkə üçün qənaətbəxş deyil. Buna görə də hesab edirəm ki, burada böyük potensial var və gələcəkdə ticarət həcmlərini artırmaq məqsədilə hansı sahələrdən başlaya biləcəyimizi müəyyənləşdirmək üçün yaxın aylarda fəal işə başlayacağıq", - M.Auranqzeb bildirib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.