IMG-LOGO

Naxçıvanın 2026-cı il büdcəsi I oxunuşda qəbul edilib

15 Dec 2025 18:10 3 baxış
IMG

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyasının növbəti iclasında "Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi" haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.

"Report"un yerli bürosu xəbər verir ki, iclas Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə baş tutub.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə danışıb, Naxçıvanın maliyyə naziri Həsən İsmayılov çıxış edib.

Hesablama Palatasının auditoru, qurumun Naxçıvan idarəsinin rəisi Hafiz İsmayılbəyli büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatını diqqətə çatdırıb.

Qanun layihəsi ilə əlaqədar deputatlardan Şəhla Əhmədova, Canməmməd Canməmmədov, Mövlan Məmmədov, Azad Novruzov və Rafiq Novruzov çıxış etdikdən sonra İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsinə dair komitənin rəyini diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

2026-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483,2 milyon manat proqnozlaşdırılır.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gəlirlərin 43,8 %-ni və yaxud 211,6 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək ki, bu da cari illə müqayisədə 74,1 milyon manat və yaxud 25,9 % azdır. Naxçıvanın öz gəliriəri isə cari illə müqayisədə 52,1 milyon manat və yaxud 23,7 % artımla - 271,6 milyon manat proqnozlaşdırılır.

Xəbər lenti