Azərbaycan Avrasiya regionu ölkələri arasında birbaşa xarici investisiyaların (BXİ) ən böyük üç alıcısından biridir.
"Report" Avrasiya İnkişaf Bankına (EDB) istinadən xəbər verir ki, 2025-ci ilin birinci yarısının sonuna ölkə iqtisadiyyatına cəlb edilmiş BXİ-nin həcmi 2016-cı illə müqayisədə 2,4 dəfə artaraq 5,439 milyard ABŞ dollarına çatıb.
Məlumata görə, Azərbaycan üçün yüksək kapital tutumu xarakterikdir: bir layihəyə orta hesabla təxminən 302 milyon ABŞ dolları düşür ki, bu da region ölkələri arasında ən yüksək göstəricidir. Hazırda ölkədə 18 investisiya layihəsi həyata keçirilir və ümumi investisiya həcminin təxminən 90 %-i (4,8 milyard ABŞ dolları) böyük bir layihənin - "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə aiddir.
"Region üzrə doqquz ölkə bu ilin altı ayı ərzində 1 milyard dollardan çox investisiya cəlb etməyə nail olub. Ən yüksək paya Özbəkistan (22,3 %), Qazaxıstan (19,5 %), Azərbaycan (11,2 %), Belarus (10,4 %) və Ermənistan (10,2 %) malikdir.
2025-ci ilin ilk yarısının sonunda Azərbaycan iqtisadiyyatına yönəlmiş Rusiya BXİ-lərinin həcmi 5,4 milyard ABŞ dolları təşkil edib və bu, 2022-ci ilin göstəricisini 9,7 % üstələyib. Bu məbləğin cəmi 10 layihə arasında bölüşdürülməsi isə bir layihənin orta dəyərinin yüksəkliyini - təxminən 540 milyon dollara çatdığını göstərir", - bank qeyd edir.
EDB bildirir ki, Azərbaycan Avrasiya regionunda ən böyük investorlar arasında üçüncü sırada qərarlaşıb. 2025-ci ilin iyul ayına olan məlumata görə, ölkənin xaricə yönəlmiş toplanmış birbaşa investisiyaları 41 layihə üzrə 3,219 milyard ABŞ dollarına çatıb. 2016-cı ildən bəri bu göstərici 1,5 milyard dollar və ya 90 % artıb ki, nəticədə Azərbaycan investorlar reytinqində dördüncü yerdən Belarusu geridə qoyaraq üçüncü pilləyə yüksəlib. Əsas investisiya sahələri telekommunikasiya (25 %), nəqliyyat və logistika (22 %) və ticarətdir (16 %).
2025-ci ilin birinci yarısının yekunlarına görə, Avrasiya regionunun beş ölkəsinin xaricə yönəlmiş BXİ-ləri 1 milyard dollardan çox olub. Rusiya 38 milyard dollar, Qazaxıstan və Azərbaycan hər biri 3,2 milyard dollar, Ermənistan 1,4 milyard dollar, Belarus isə 1 milyard dollar investisiya yatırıb.
Məlumatda həmçinin bildirilir ki, Azərbaycan şirkətləri də fəaliyyət coğrafiyasını genişləndirir. Belə ki, Özbəkistan və Qırğızıstanda həyata keçirilən layihələrə təxminən 80 milyon ABŞ dolları yönəldilib. Bundan əlavə, Gürcüstan iqtisadiyyatının əsas investorları arasında 2025-ci ilin birinci yarısının sonuna hər biri 1,2 milyard dollar investisiya toplamış Azərbaycan və Rusiya şirkətləri də yer alır.