Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına görə, 2025-ci ildə dayanıqlı aviasiya yanacağının (SAF) istehsalı 1,9 milyon tona (2,4 milyard litr) çatacaq ki, bu da 2024-cü ildə istehsal edilən 1 milyon tonla müqayisədə iki dəfə çoxdur.
"Report"un Cenevrəyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu IATA-nın "Net Zero" tədqiqat proqramlarının rəhbəri Priti Cayn "IATA Global Media Day" çərçivəsində bildirib.
Lakin, P. Caynın fikrincə, 2026-cı ildə istehsalın həcmi 2,4 milyon tona çatacaq.
Onun sözlərinə görə, 2025-ci ildə SAF istehsalı dünya üzrə ümumi aviasiya yanacağı istehlakının cəmi 0,6 %-ni, 2026-cı ildə isə 0,8 %-ni təşkil edəcək: "Yüksək qiymətlər fonunda bu, 2025-ci ildə sənayenin 3,6 milyard ABŞ dolları dəyərində əlavə xərclərinə səbəb olacaq".
P.Cayn qeyd edib ki, 2025-ci il üçün istehsal proqnozu - 1,9 milyon ton - mövcud güclərdən tam istifadə üçün zəruri olan siyasi dəstəyin kifayət qədər olmaması səbəbindən aşağı salınıb.
"SAF-ın dəyəri bu gün ənənəvi aviasiya yanacağının qiymətindən iki dəfə yüksəkdir, məcburi tələblərin tətbiq olunduğu bazarlarda isə 5 dəfə çoxdur.
Xüsusi diqqət Böyük Britaniya (2028-ci ildən) və Avropa İttifaqında (2030-cu ildən) e-SAF istifadəsinə dair qarşıdan gələn tələblərə yönəldilib. Artıq e-SAF istehsalı əhəmiyyətli dərəcədə daha yüksək maya dəyəri ilə üzləşir - potensial olaraq qalıq yanacağın qiymətindən 12 dəfə bahadır. Effektiv stimulların olmaması e-SAF tədarüklərinin hədəf göstəricilərindən xeyli aşağı olması riskini yaradır və tələblərə riayət etmək üçün xərclər 2032-ci ilə qədər 29 milyard avroya qədər arta bilər", - P.Cayn vurğulayıb.
IATA-nın dayanıqlı inkişaf üzrə baş vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen qeyd edib ki, hazırkı siyasət SAF istehsalını genişlənməsini təmin etmir: "Aydındır ki, hazırkı tədbirlər arzu olunan nəticələri vermir. Tənzimləyicilər hədəflərini düzəltməli, SAF istehsalının uzunmüddətli davamlılığını təmin etməli və maya dəyərinin azalması üçün şərait yaratmalıdırlar. Mandatlar əks effekt göstərdi və e-SAF ilə bağlı tələblərə dair eyni səhvləri təkrarlamaq yanlış olacaq".