Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 658,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox investisiya yönəldilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 8,3 % artıb.
11 ay ərzində istifadə olunmuş investisiyanın 8 milyard 421,2 milyon manatı və yaxud 50,6 %-i məhsul istehsalı sahələrinə, 5 milyard 614,3 milyon manatı və yaxud 33,7 %-i xidmət sahələrinə, 2 milyard 623,4 milyon manatı və yaxud 15,7 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 12 milyard 987,5 milyon manatını və yaxud 78 %-ni daxili investisiyalar təşkil edib, 12 milyard 687,9 milyon manatı və yaxud 76,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.