Texnologiya nəhəngi “Amazon” təxminən 14 min korporativ iş yerinin ixtisar ediləcəyini açıqlayıb.
Lent.az “Sky News”a istinadla xəbər verir ki, şirkətin 75 min nəfərlik Böyük Britaniya heyətinə bu qərarın necə təsir göstərəcəyi hələlik bəlli deyil. Amazon rəhbərliyi bildirib ki, qərarın təsir edəcəyi işçilərə və onların komandalarına bu barədə çərşənbə axşamı məlumat veriləcək.
Əvvəlcə “Reuters” və “The Wall Street” jurnalı tərəfindən yayılan xəbərlərdə ixtisarların 30 min nəfərə qədər ola biləcəyi bildirilmişdi. Böyük Britaniyada “Amazon” işçilərini təmsil edən GMB həmkarlar ittifaqı isə bu məlumatlara əsaslanaraq, çoxsaylı britaniyalı işçinin də işini itirəcəyinin demək olar ki, qaçılmaz olduğunu açıqlamışdı.
“Şirkətlərin bu qədər astronomik mənfəət əldə edib, qurucusu Cef Bezosun kosmosda istirahət edə və toy üçün şəhərləri bağlaya bildiyi bir vaxtda, sadiq işçiləri asanlıqla kənara atması bu sistemin nə qədər ədalətsiz olduğunu göstərir”, - deyə həmkarlar ittifaqı bəyan edib.
“Amazon” ixtisarların səbəbi kimi süni intellektin (AI) sürətli inkişafını göstərib. Şirkət bildirib ki, bu texnologiya internetdən sonra ən transformativ texnoloji nəsil hesab olunur.
“Amazon”un İnsan Resursları və Texnologiya üzrə baş vitse-prezidenti Bet Qaletti işçilərə göndərdiyi məktubda qeyd edib ki, şirkət bu qərarı tənqidlərə baxmayaraq qəbul edib.
Halbuki “Amazon” iyul ayında açıqladığı hesabatda 19,2 milyard funt sterlinq həcmində gəlir əldə etdiyini bildirmişdi.