Beynəlxalq alimlər qrupu işıq və maddənin qarşılıqlı təsirindən yaranan xüsusi kvant sistemində qeyri-adi fiziki vəziyyət müşahidə edib. Sistem eyni vaxtda həm kristala, həm də müqavimətsiz axan mayeyə xas xüsusiyyətlər nümayiş etdirib.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Varşava Universitetinin Fizika fakültəsinin araşdırmasına istinadən məlumat yayıb.
Fizikada bu vəziyyət supersolid adlanır. Belə sistemdə hissəciklər kristaldakı kimi nizamlı quruluş yaratsa da, eyni zamanda superaxıcılıq xüsusiyyəti nümayiş etdirirlər.
Alimlər bu effekti işıq və maddənin xüsusiyyətlərini birləşdirən eksiton-polyariton adlı kvazihissəciklər vasitəsilə əldə ediblər. Əsas yenilik prosesin otaq temperaturunda müşahidə edilməsidir. Əvvəlki oxşar təcrübələrdə adətən çox aşağı temperatur tələb olunurdu.
Tədqiqatçıların fikrincə, nəticələr gələcəkdə optik hesablama sistemlərinin və yüksək həssaslıqlı sensorların inkişafına kömək edə bilər. Lakin texnologiyanın kommersiya tətbiqi hələ tədqiqat mərhələsindədir.
kvant fizikası işıq supersolid Varşava Universiteti texnologiya elmi kəşf
Mənbə: lent.az