Yeni elmi araşdırma göstərir ki, qida lifinin kifayət qədər olmadığı şəraitdə bəzi bağırsaq bakteriyaları orqanizmin qoruyucu selik qatından qida mənbəyi kimi istifadə edə bilərlər.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Lüdviq Xərçəng Araşdırmaları İnstitutunun tədqiqatına istinadən məlumat yayıb.
Alimlər müəyyən ediblər ki, bağırsaq mikroorqanizmləri yalnız qida liflərini deyil, bəzi bitki zülallarını da parçalayaraq müxtəlif kimyəvi maddələr istehsal edirlər. Bu maddələrin bir qismi orqanizm üçün faydalı, digərləri isə potensial zərərli ola bilər.
Tədqiqat zamanı həzmə davamlı bitki zülallarının da bakteriyaların fəaliyyətinə təsir göstərdiyi aşkarlanıb. Onlar mikroorqanizmlərin müəyyən faydalı maddələr istehsal etməsinə şərait yarada bilirlər.
Alimlər hesab edirlər ki, nəticələr bitki mənşəli qidaların bağırsaq sağlamlığına təsirinin daha yaxşı anlaşılmasına kömək edəcək. Bununla belə, tədqiqatın nəticələri konkret qidalanma rejiminin bütün xəstəliklərin qarşısını aldığını sübut etmir.
bağırsaq bakteriyalar qida lifi mikrobiom qidalanma sağlamlıq
Mənbə: lent.az