IMG-LOGO

Politico: ABŞ Rusiyaya Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətləri verməyi təklif edib

10 Nov 2026 06:27 2 baxış
IMG

ABŞ Ukraynaya Şimali Atlantika Müqaviləsinin 4-cü və 5-ci maddələrində nəzərdə tutulan təminatlara bənzər təhlükəsizlik zəmanətləri verilməsi ilə bağlı Rusiyaya rəsmi müraciət edib.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ administrasiyasının iki yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqton ilk dəfə bu məsələni Moskva qarşısında rəsmi şəkildə qaldırmaq niyyətindədir. Məsələnin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçiriləcək danışıqlarda müzakirəsi planlaşdırılır.

"Biz ruslardan NATO-nun da analoji təminatlar verməsi şərti ilə Ukraynaya 4-cü və 5-ci maddələrə bənzər təhlükəsizlik zəmanətləri vermələrini istəmişik", - ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib.

Qeyd edək ki, NATO-nun 4-cü maddəsi üzv dövlətlərdən birinin təhlükəsizliyinə təhdid yarandıqda müttəfiqlər arasında məsləhətləşmələrin aparılmasını nəzərdə tutur. 5-ci maddə isə kollektiv müdafiə prinsipini təsbit edir. Bu prinsipə əsasən, alyansın bir üzvünə silahlı hücum bütün üzvlərə hücum hesab olunur.

Bununla belə, NATO üzvü olmayan Ukraynaya ABŞ və Avropa müttəfiqlərinin bu səviyyədə təhlükəsizlik təminatlarını hansı mexanizmlə verəcəyi hələlik məlum deyil.

Nəşrin qeyd etdiyi kimi, Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyinin davam etdirilməsini və gücləndirilməsini nəzərdə tutan belə bir təkliflə Moskvanın razılaşması ehtimalı aşağı qiymətləndirilir. Xatırladaq ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilməlidir.

Mənbə: report.az

Xəbər lenti