Dünyada ağ çörəyin orta qiyməti təxminən 2.91 manat təşkil edir. Ən yüksək qiymət 15.81 manat olmaqla Cibutidə qeydə alınıb, ən ucuz isə Əlcəzairdə olub ki, dövlət subsidiyaları sayəsində qiymət 0.29 manat təşkil edib.
Lent.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinin 16 oktyabr - Ümumdünya Çörək Günü münasibətilə dərc etdiyi yazıda məlumat verilib.
Agentliyin məlumatına görə, çörəyin ən bahalı olduğu ölkələr sırasına həmçinin Bermud adaları (14.31 manat), Kayman adaları (10.55 manat), Monako (8.91 manat) və Baham adaları (8.74 manat) da daxildir. Bu göstəriciyə görə, ilk 10-luğa Konqo, Mərkəzi Afrika Respublikası, İslandiya, Lixtenşteyn və Cənubi Afrika Respublikası da daxil olub.
Qeyd edək ki, Azərbaycan çörəyin qiymətinin ən aşağı olduğu ölkələr sırasında yer alıb. Belə ki, çörəyin ən aşağı qiymətə olduğu ölkələrin siyahısında Əlcəzairlə yanaşı Tunis (0.33 manat), Esvatini (0.34 manat), Əfqanıstan (0.41 manat) və Liviya (0.48 manat), eləcə də Çad, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Azərbaycan var.