Azərbaycanın mediasiya mərkəzlərinin qurulması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətlər Türk dövlətləri üçün əsas istinad nöqtəsi kimi dəyərləndirilib.
Bu fikrləri "Report"un Türkiyə bürosuna açıqlamasında Türk Dünyası Mediatorlar Birliyinin (TDMB) İdarə Heyətinin sədri Yakup Erikel bildirib.
Onun sözlərinə görə, Birliyin təsis edilməsi prosesində Azərbaycanın Mediasiya Şurası mühüm rol oynayıb və ölkənin tətbiq etdiyi mediasiya mərkəzləri modeli digər dövlətlərə də tövsiyə olunur.
Qeyd edilib ki, Azərbaycanın bu sahədəki təcrübəsi artıq Qırğızıstan və Özbəkistanda praktiki müstəvidə tətbiq edilməyə başlanılıb.
Y. Erikel həmçinin TDMB-nin təşkilatlanma mərhələsinin başa çatdığını vurğulayıb. Açıqlamaya əsasən, qurumun baş qərargahı Ankarada yerləşəcək, sədrlik isə hər iki ildən bir rotasiya qaydasında üzv ölkələr arasında dəyişəcək.
Bildirilib ki, əsas hədəflər sırasında Türk dünyası üzrə vahid mediasiya standartlarının müəyyənləşdirilməsi və ortaq təlim proqramlarının icrası dayanır.
Mənbə: report.az