Lənkəran rayonunda avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik magistral yolunun Darquba kəndi ərazisində baş verib.
Cəbi Quluzadənin idarə etdiyi "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən Darquba kənd sakini, 2016-cı il təvəllüdlü Ə.Yusubzadəni vurub. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi xəbərə əsasən, qapalı kəllə-beyin travması, sol bazu sümüyünün sınığı, başın ənsə payının açıq yarası diaqnozları təyin edilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, noyabrın 27-si saat 13:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisə yerindən yayınan sürücü C.Quluzadə müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az