Serbiyanın Serbiya Tərəqqi Partiyası (SNS) dekabrın 27-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak edib-etməyəcəkləri ilə bağlı qərarı dekabrın 13-də verəcək.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə SNS-in İdarə Heyətinin sədr müavini Ana Brnabiç parlamentdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait mövcud deyil. Brnabiç yaxın günlərdə parlamentdəki "Serbiya qalib gəlir" qrupunun rəhbəri Aleksandar Vuçiçin də məsələ ilə bağlı açıqlama verəcəyini gözlədiyini qeyd edib.
"Bir və ya iki il, yaxud beş-yeddi il əvvəl Serbiyada ədalətli seçkilər üçün şəraitin olmadığını deyənləri eşidəndə yalnız gülə bilərəm. O zaman heç kim siyahılar tərtib etmir, media qurumlarını bağlamır və hakimiyyəti tənqid edən jurnalistləri həbs etmirdi", – deyə o bildirib.
Brnabiç Serbiyada SNS ilə əlaqəli şəxslərin ailələrinə qarşı hücumlar edildiyini, onların evlərinə bomba və qumbaralar atıldığını, eləcə də hakimiyyəti tənqid edən jurnalistlərin həbs olunduğunu iddia edib.
O, həmçinin "Tələbə Siyahısı"nın göstərişləri əsasında media qurumlarının fəaliyyətinin dayandırıldığını və müstəqil institutlara təzyiq göstərildiyini irəli sürüb.
Brnabiç ölkədəki vəziyyəti "işğal və terror mühiti" kimi xarakterizə edərək belə şəraitdə seçkilərin keçirilməsinin mümkünlüyünü şübhə altına alıb.
Bununla yanaşı, Brnabiç rəhbərlik etdiyi parlament qrupunun Serbiyada mediaya təzyiqlər və jurnalistlərin təqib olunması məsələsinin Milli Assambleyada müzakirəyə çıxarılması təşəbbüsü ilə çıxış edəcəyini açıqlayıb.
O, xüsusilə "TV Informer" kanalının sahibi və baş redaktoru Dragan J. Vuçiçeviçin barəsində 30 günlük həbs qətimkan tədbirinin seçilməsini siyasi təqib kimi qiymətləndirib.
Brnabiç bildirib ki, parlamentdə bu məsələ ilə bağlı müzakirə keçirilməsini tələb edəcəklər. Hakim çoxluq təşəbbüsü dəstəkləməyəcəyi təqdirdə isə növbədənkənar iclasın çağırılması üçün parlament reqlamentinin imkanlarından istifadə olunacaq.
Qeyd edək ki, Serbiyada prezident seçkiləri 27 dekabr 2026-cı il tarixinə təyin edilib. SNS-in seçkilərdə iştirakla bağlı qərarı isə dekabrın 13-də keçiriləcək partiya qurultayında açıqlanacaq.
Mənbə: report.az