Polşa ABŞ-nin "Palantir Technologies" şirkəti ilə təxminən 300 milyon dollar dəyərində beşillik müqavilə imzalayıb. Saziş çərçivəsində ordu komandirlərinin qərar qəbul etməsinə dəstək məqsədilə süni intellekt əsaslı proqram təminatı alınacaq.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış saziş imzalandıqdan sonra bildirib.
O, bu sazişi Polşa ordusunun əməliyyat imkanlarının inkişafında mühüm mərhələ kimi qiymətləndirib.
"Bütün açarlar, serverlər və məlumatlar Polşa Silahlı Qüvvələrinin müstəsna mülkiyyətindədir və belə də qalacaq", - nazir vurğulayıb.
Polşa "Palantir" ilə əməkdaşlığa 2025-ci ildə süni intellekt, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində anlaşma memorandumu imzalayaraq başlayıb.
Avropalı siyasətçilər daha əvvəl ABŞ-nin müdafiə texnologiyalarından asılılıqla bağlı narahatlıqlarını ifadə etmişdilər. Onların fikrincə, bu texnologiyalara çıxışın itirilməsi Avropanın müdafiə imkanlarını məhdudlaşdıra bilər.
"Palantir Technologies" - müxtəlif mənbələrdən məlumatların birləşdirilməsi və təhlili üçün proqram təminatı hazırlayan ABŞ şirkətidir. Onun platformalarından dövlət qurumları, silahlı qüvvələr və özəl şirkətlər istifadə edir.
Mənbə: report.az