IMG-LOGO

"Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə" müsabiqəsində mindən çox məktəb iştirak edib

27 Nov 2026 14:47 10 baxış
IMG

"Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə" ümumrespublika müsabiqəsinə minə yaxın məktəbdən şagirdlər qatılıb.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının sədri Məlahət Həsənova müsabiqənin final-təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu layihə QAİ-nin Qadınlar Şurası tərəfindən irəli sürülüb və Elm və Təhsil Nazirliyi, eləcə də onun Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilib:

"Layihə respublikamızın bütün bölgələrini əhatə etməklə mindən çox məktəbin iştirakı ilə keçirilib. Məktəblərimiz böyük fəallıq və sevgi ilə Qərbi Azərbaycanın tarixini öyrənib, öyrəndiklərini öz yaradıcılıqları, hazırladıqları maketlər vasitəsilə əks etdiriblər. Bu, həqiqətən də respublikamızın hər bir yerində Azərbaycana, Qərbi Azərbaycana qayıdış məsələsinə yalnız böyüklərin, ictimaiyyətin deyil, məktəblilərimizin, gənc balalarımızın, övladlarımızın da nə qədər böyük həvəs, sevgi və arzu ilə yanaşdıqlarının göstəricisidir.

Burada həm qrup şəklində, həm də fərdi qaydada hazırlanmış işlər var".

M.Həsənova qeyd edib ki, müsabiqənin əsasnaməsinə görə, final mərhələsində 60 qalib müəyyənləşdirilməli idi:

"Lakin təqdim olunan işlər bir-birindən o qədər gözəl idi ki, münsiflər heyəti və ekspertlər üçün seçim etmək çətin oldu. Burada sərgilənən 160 maket Qərbi Azərbaycana aid tarixi abidələri əks etdirir. Bunlar mənbələrdə, o cümlədən xarici mənbələrdə və arxivlərdə təsdiqini tapmış tarixi abidələrdir. Bu gün erməni vandalları həmin abidələri dağıdıblar. Lakin nə qədər dağıdılsa da, Prezidentimizin söylədiyi kimi, arxivlər, kitablar və mənbələr qalır. Məktəblilərimiz, məktəbli memarlarımız da həmin arxiv və mənbələrdən istifadə edərək Qərbi Azərbaycanın mənzərəsini yaradıblar. Bu mənzərə əcdadlarımızın yüzillər boyu yaratdıqlarını əks etdirir".

Mənbə: report.az

Xəbər lenti