IMG-LOGO

Azərbaycan Belarus şirkətlərinə Türkiyəyə ixrac üçün Naxçıvanda birgə istehsal təklif edir

23 Nov 2026 12:58 6 baxış
IMG

Azərbaycan tərəfi məhsulların daha sonra Türkiyə bazarına rüsumsuz çıxarılması məqsədilə xarici, ilk növbədə Belarus müəssisələrinə Naxçıvan Muxtar Respublikası ərazisində birgə istehsal qurmağı təklif edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndəsi Fəridə Axundova Bakıda keçirilən Belarusun yüngül sənaye istehsalçıları ilə işgüzar görüşdə bildirib.

"Biz özəl təşkilatlarımız və müəssisələrimiz arasındakı birgə təşəbbüsləri araşdırmağa hazır olduqlarını bildirən Azərbaycanın maliyyə strukturları ilə fəal əməkdaşlıq edirik. Bundan başqa, biz yeni proqrama başlamışıq və Türkiyə ilə rüsumsuz ticarət münasibətlərinin perspektivlərini öyrənirik – bu rejim artıq uzun illərdir Naxçıvan Muxtar Respublikasında mövcuddur. Biz xarici şirkətləri, ilk növbədə, Belarus şirkətlərini Naxçıvanda birgə məhsul istehsalının təşkili və sonradan bu məhsulların birbaşa Türkiyə bazarında satışı imkanlarını nəzərdən keçirməyə çağırırıq", - F.Axundova vurğulayıb.

Assosiasiya nümayəndəsi qeyd edib ki, Türkiyədə tekstil sahəsində istehsal xərclərinin əhəmiyyətli dərəcədə artması Azərbaycanı həm Türkiyə istehsalçıları, həm də daxili bazarın tələbatının ödənilməsi üçün cəlbedici və rəqabətədavamlı platformaya çevirib.

F.Axundova ev tekstili, eləcə də ixtisaslaşmış müəssisələr tərəfindən təqdim edilən digər məhsulların istehsalının əməkdaşlığın əsas istiqaməti olduğunu bildirib.

Mənbə: report.az

Xəbər lenti