İtaliya Azərbaycanla əməkdaşlığın hazırkı səviyyəsindən kənara çıxmağa can atır və əmindir ki, iki ölkə arasındakı münasibətlər inkişafın keyfiyyətcə yeni mərhələsi üçün lazım olan bütün şərtlərə malikdir.
"Report" xəbər verir ki, bunu İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") kiçik sənaye biznesi məsələləri üzrə vitse-prezidenti Fausto Matssali Bakıda keçirilən İtaliya-Azərbaycan biznes forumunda bildirib.
Vitse-prezident vurğulayıb ki, İtaliya sənayesi üçün Azərbaycan sadəcə hədəf bazar deyil, həm də yeni investisiya imkanları yaratmağın və əməkdaşlığı inkişaf etdirməyin mümkün olduğu bir ölkə olmalıdır.
"Ölkələrimiz arasında möhkəm və əhəmiyyətli iqtisadi və ticarət əlaqələri mövcuddur. Rəqəmlər sübut edir ki, əməkdaşlıq artıq yüksək səviyyəyə çatıb və daha da möhkəmlənmək potensialına malikdir. Azərbaycan həqiqətən də İtaliyanın əsas tərəfdaşlarından biridir. Bir sıra iri İtaliya şirkətlərinin sabit iştirakı əsasən iki başlıca istiqamətə: mərkəzində Trans-Adriatik Boru Kəmərinin (TAP) dayandığı enerji əməkdaşlığına və ölkənin tranzit-coğrafi mövqeyinə əsaslanan strateji münasibətlərə uyğun gəlir", - o bildirib.
F.Matssali qeyd edib ki, bu iki amil Azərbaycanı ticarət əlaqələrinin, investisiyaların və istehsal-satış zəncirlərinin inkişafı üçün imtiyazlı tərəfdaşa çevirir.
Onun sözlərinə görə, Bakıda keçirilən bugünkü biznes-forumda çox sayda İtaliya şirkətinin iştirak etməsi İtaliya və Azərbaycanın ikitərəfli iqtisadi və sənaye əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətin səviyyəsini nümayiş etdirir.
"Bu gün burada iştirak edən İtaliya biznes nümayəndə heyətinin yarıdan çoxunu kiçik və orta biznes nümayəndələri təşkil edir. Bu, İtaliyanın Azərbaycana təklif edə biləcəyi imkanların geniş spektrini aydın nümayiş etdirir. İtaliya şirkətlərinin istehsal zəncirinin bütün mərhələlərində (neft-qaz sahəsindən elektrik enerjisi istehsalına, infrastrukturdan bərpa olunan enerji mənbələri sahəsindəki texnologiyalara qədər) möhkəm mövqelərə malik olduğu enerji sektorundan başlayaq. TAP kəməri bu əməkdaşlığın əhəmiyyətini və Azərbaycanın İtaliya və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni təsdiqləyir. Biz bu tərəfdaşlığı bundan sonra da möhkəmləndirmək niyyətindəyik", - F.Matssali əlavə edib.
Mənbə: report.az