IMG-LOGO

Mixol Martin Avropa ölkələri arasında əlaqələri gücləndirməyə çağırıb

12 Nov 2026 16:23 2 baxış
IMG

Avropa ölkələri əməkdaşlığı və ümumi problemlərin həlli istiqamətində birgə fəaliyyəti genişləndirməli, ticarət, enerji infrastrukturu və insanlar arasında əlaqələri möhkəmləndirməlidir.

"Report"un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə İrlandiyanın Baş naziri Mixol Martin Avropa Siyasi Birliyinin 9-cu Sammitinin açılış plenar sessiyasında bildirib.

M.Martin qeyd edib ki, Avropa Siyasi Birliyi artıq siyasi dialoq üçün dayanıqlı platformaya çevrilib. Onun sözlərinə görə, bu gün Dublində ümumi çağırışları və imkanları müzakirə etmək üçün 50-yə yaxın lider toplaşıb.

"Bugünkü sammitin mövzusu - "Güclü, təhlükəsiz və qarşılıqlı əlaqəli Avropa"dır. Biz biznesin uğurla inkişaf edə biləcəyi, vətəndaşların həyat səviyyəsinin isə daim yüksələcəyi güclü və dinamik inkişaf edən Avropa iqtisadiyyatına can atırıq", - Baş nazir bildirib.

O əlavə edib ki, ikinci əsas prioritet Avropa vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, müharibədən və hibrid təhdidlərdən qorunmasıdır.

Baş nazir İrlandiyanın Ukraynaya dəstəyini qeyd-şərtsiz davam etdirəcəyini də təsdiqləyib.

"Biz Avropanı əməkdaşlıq və ümumi problemlərin həlli istiqamətində birgə işlə birləşmiş görmək istəyirik. Aramızdakı əlaqələri - ticarət, enerji infrastrukturu, eləcə də insanlararası təmaslar sahəsində gücləndirməliyik", - o deyib.

Onun sözlərinə görə, Avropa Siyasi Birliyi ortaq dəyərlər, demokratiyaya sadiqlik və əməkdaşlığa can atma ilə bir-birinə bağlı olan 700 milyondan çox insanı birləşdirir. Sammit çərçivəsində iştirakçılar həmçinin tematik dəyirmi masalar və ikitərəfli görüşlərdə praktiki layihələri müzakirə edəcəklər.

Mənbə: report.az

Xəbər lenti