Dublində keçirilən Avropa Siyasi Birliyinin Sammiti Avropanın təhlükəsizlik, enerji, iqtisadi əməkdaşlıq və regional bağlantılarla bağlı ortaq mövqelərinin müzakirəsi baxımından mühüm siyasi platformadır.
Bu sözləri "Report"a Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində, müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərinin milli maraqlar əsasında qurulmasında mühüm rol oynayır:
"Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki əhəmiyyəti artıq yalnız enerji resursları və coğrafi mövqeyi ilə məhdudlaşmır. Ölkə Avropanın enerji təhlükəsizliyində, Avropa ilə Asiya arasında nəqliyyat-logistika bağlantılarının genişləndirilməsində, rəqəmsal infrastrukturun inkişafında və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm tərəfdaşdır".
F. Şahbazlı Orta Dəhliz, yaşıl enerji təşəbbüsləri və Transxəzər fiber-optik kabel layihəsinin Azərbaycanın strateji əhəmiyyətini artırdığını vurğulayıb:
"Avropa ilə iqtisadi münasibətlər də tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycanla Avropa İttifaqı arasında ticarət, investisiya və iqtisadi əməkdaşlıq əlaqələri enerji sektorundan kənar sahələri də əhatə edir".
O həmçinin Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının, Ermənistanla münasibətlərin normallaşdırılmasının və regional kommunikasiyaların açılmasının Avropanın strateji maraqlarına uyğun olduğunu söyləyib:
"Azərbaycan regionda formalaşan yeni reallıqların əsas iştirakçılarından biridir və bu proseslərdə ölkəmizin mövqeyi xüsusi əhəmiyyət daşıyır".
F. Şahbazlı eyni zamanda Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etməsini ölkənin Avropa siyasi məkanında artan rolunun göstəricisi kimi qiymətləndirib. Bununla yanaşı, Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarın Dublində səsləndirdiyi fikirlərin də Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsindəki rolunun Avropa tərəfindən nəzərə alındığını göstərdiyini qeyd edib.
"Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yalnız proseslərin iştirakçısı deyil, həm də regional və qlobal gündəliyə təsir imkanları olan dövlət kimi mövqeyinin möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət ölkəmizə müxtəlif geosiyasi istiqamətlərdə əməkdaşlıq imkanlarını genişləndirməyə, milli maraqlarını qorumağa və beynəlxalq platformalarda öz mövqeyini ifadə etməyə imkan verir. Dublində keçirilən sammit və 2028-ci ildə bu mötəbər platformanın Azərbaycanda təşkili ölkəmizin Avropa ilə siyasi dialoqunun yeni mərhələyə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır", - o əlavə edib.
Mənbə: report.az