IMG-LOGO

Monteneqro Prezidenti: Azərbaycana səfərim gündəmdədir

12 Nov 2026 15:45 5 baxış
IMG

Azərbaycana səfər gündəmdədir və tərəflər səfərin təşkili üzərində işləyirlər.

Bu barədə "Report"un Dublinə ezam olunan əməkdaşına Monteneqro Prezidenti Yakov Milatoviç Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində bildirib.

"Hazırda mənim administrasiyam və Azərbaycan Prezidentinin administrasiyası bu məsələni müzakirə edir. Səfərin tarixini razılaşdırırıq. Düşünürəm ki, Bakı Qlobal Forumunda iştirak etmək üçün gələ bilərəm. Səfəri bu tədbirlə eyni vaxta salmaq üçün qrafikləri uzlaşdırmağa çalışırıq", - o qeyd edib.

Azərbaycan vətəndaşları üçün viza rejiminin tətbiq edilməsinə toxunan Monteneqro Prezidenti izah edib ki, bu qərar ölkənin Avropa İttifaqına daxil olması prosesi ilə bağlıdır. Onun sözlərinə görə, Monteneqro müvafiq öhdəlikləri yerinə yetirərək viza siyasətini Aİ-nin tələbləri ilə tam uyğunlaşdırıb.

Milatoviç qoşulma haqqında müqavilənin gələn ilin birinci yarısında imzalanacağına ümid etdiyini bildirib. O qeyd edib ki, çox şey seçkilərin keçirilmə müddətindən asılı olacaq, lakin belə bir ssenarini tamamilə mümkün hesab edir.

"Bu, bizim üçün irəliyə doğru böyük bir addım olacaq", - prezident vurğulayıb.

Azərbaycanla turizm əməkdaşlığı barədə danışan zaman Milatoviç qeyd edib ki, Monteneqro xarici qonaqlar, o cümlədən Azərbaycandan gələnlər üçün cəlbedici ölkədir. O, turizmin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb və azərbaycanlı turistləri Monteneqroya səfər etməyə dəvət edib.

Monteneqro prezidenti həmçinin 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin qarşıdan gələn sammitini müsbət qiymətləndirərək, bu tədbiri səbirsizliklə gözlədiyini bildirib.

Mənbə: report.az

Xəbər lenti