Xəbər verdiyimiz kimi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev vəfat edib.
Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir.
- Aslan Fətullayev kimdir?
Aslan Miri oğlu Fətullayev Azərbaycan teatr və kino aktyoru, Əməkdar mədəniyyət işçisidir. O, uzun illər Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərib.
- Aslan Fətullayev nə vaxt və harada anadan olub?
Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub.
-Onun təhsil həyatı necə olub?
1974–1976-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunda, 1977–1982-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.
-A.Fətullayev sənətə necə gəlib?
Aktyorluğa marağı uşaqlıq illərindən yaranıb. İlk dəfə 7 yaşında kənd mədəniyyət evində Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında İnkir obrazını canlandırıb.
-O, hansı teatr və mədəniyyət müəssisələrində çalışıb?
1975–1978-ci illərdə Abdulla Şaiq adına Bakı Kukla Teatrında Yeni il şənliklərinin aparıcı aktyoru olub. 1979-cu ildən Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində çalışıb. 1984-cü ildən “Dostluq” Mədəniyyət Evinə rəhbərlik edib. 2003-cü ildən Azərbaycan Akademik Milli Dram Teatrında, 2008-ci ildən isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərib.
-Aktyor hansı filmlərdə rol alıb?
“Qorxma, mən səninləyəm”, “Qətl günü”, “Mikrorayonda cin”, “Papaq” və “Oğlan və maral” filmlərində müxtəlif obrazlar yaradıb.
-Aslan Fətullayev hansı televiziya tamaşası ilə tanınıb?
1975-ci ildə “Canlı şahid” televiziya tamaşasında canlandırdığı Şani obrazı ilə Azərbaycan Televiziyasının Qızıl Fonduna daxil edilib.
-Onun “Yuxu” rok qrupu ilə hansı əlaqəsi olub?
Aslan Fətullayev Azərbaycan dilində fəaliyyət göstərən ilk rok qruplarından biri olan “Yuxu” kollektivinin yaradıcılarından olub. Qrup 1989-cu ildə “Qızıl payız” festivalının, 1990-cı ildə isə Almaniyada keçirilən “MAYEN-ROK-90” beynəlxalq festivalının qalibi olub.
-Aslan Fətullayev nə üçün 5-6 il xaricdə yaşayıb? Aktyor teatrdan incik düşərək ölkəni tərk edib. 5-6 il Rusiya, Kipr və Türkiyədə yaşayıb. Həmin müddətdə şou-proqramlar təşkil edib, kiçik bir kollektiv yaradaraq fəaliyyət göstərib.
-Kimə görə xaricdən Azərbaycana qayıdıb? Anasının xəstələndiyi xəbəri ona çatdırıldıqdan sonra Azərbaycana qayıdıb. Sonradan bu xəbərin doğru olmadığını öyrənsə də, anasının xahişinə görə ölkədə qalıb. Anası isə bir müddət sonra onu xaricə buraxmadığına görə peşman olduğunu deyib.
-O, Hollivud filmində çəkilmək şansından niyə imtina edib? Hollivuddan Bakıya gələn bir rejissor onu filmə dəvət etmək istəyib. Lakin yerli rejissor köməkçilərindən birinin onun aktyorluq qabiliyyətini itirmiş ola biləcəyi barədə fikri Fətullayevin xətrinə dəyib. O, çəkilişdən imtina edib, saçlarını kəsdirib, hətta bir daha filmə dəvət almamaq üçün qızıl dişlər qoydurub.
-O. hansı fəxri ad və mükafatlara layiq görülüb?
Aslan Fətullayev 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatını alıb.
-Aktyor nə vaxt vəfat edib?
Aslan Fətullayev 10 noyabr 2026-cı ildə, 70 yaşında vəfat edib.
-Onun nəşi nə zaman ölkəyə gətirilib?
Onun nəşi bu gün səhər Moskvadan Bakıya gətirilib. Teatrın direktoru və bir neçə əməkdaşı mərhumun cənazəsini qarşılayıb və onun nəşi Lerik rayonuna yola salınıb.
-Aktyor harada dəfn ediləcək?
-O, doğulduğu Çayrud kəndində dəfn ediləcək.
bioqrafiya aktyor Aslan FətullayevMənbə: lent.az