IMG-LOGO

Bakıda kafeni yandırıb bir nəfərin ölümünə səbəb olmuşdu – ŞOK İFADƏLƏR

11 Nov 2026 16:09 5 baxış
IMG
0 0

Bakıda kafeni yandıraraq bir nəfərin ölümünə, 12 nəfərin isə xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər və şahid ifadə veriblər.

Ölkə xaricində olduğu üçün məhkəməyə onlayn qoşulan zərərçəkən N.S. hadisə günü yaşadığı dəhşətli anlardan danışıb.

O bildirib ki, hadisə baş verən vaxt taksi sürücüsü işləyib və həmin gün kafedə olub:

“Hadisə sentyabrın 13-də baş verib. Mən kafedə oturmuşdum. Həmin adama hesabı dedilər. Eşitdim ki, o da ‘Adam kişi olar’ deyib getdi. Bir qədər sonra içəridən benzin iyi gəldi və qəfil hər tərəfi alov bürüdü. Alov mənə də dəymişdi. Ayaqyoluna qaçıb yanan şalvarımı əynimdən çıxardım və söndürdüm. Ayaqlarım dizə qədər yanmışdı. Sonra çölə çıxıb kömək istədim”.

Zərərçəkən müalicəsinə təxminən 10 min manat xərclədiyini bildirib:

“Təqsirləndirilən tərəf bir dəfə də olsun halımla maraqlanmayıb. Şikayətçiyəm”.

Məhkəmədə ifadə verən taksi sürücüsü V.Ə. isə təqsirləndirilən şəxsi hadisədən əvvəl avtomobilinə mindirdiyini deyib.

“Qobu yolu ilə gəlirdim. Bu adam yolda əl edib maşını saxlatdırdı və əyləşdi. Yolda marketə girib beşlitrlik su aldı. Sonra suyu boşaldaraq yanacaqdoldurma məntəqəsindən benzin aldı. Həmin kafenin yanında düşdü. Pulu olmadığı üçün gedişhaqqı əvəzinə qolundakı beş manatlıq saatı mənə verib getdi”.

Məhkəmənin növbəti iclası dekabrın 9-na təyin olunub.

Xatırladaq ki, dəhşətli hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.

İttihama əsasən, Famil Kərimov kafenin inzibatçısı ilə mübahisə etdikdən sonra obyekti tərk edib. O, yaxınlıqdakı marketdən plastik su qabı götürərək yanacaqdoldurma məntəqəsindən benzin alıb və yenidən kafeyə qayıdıb.

Bundan sonra təqsirləndirilən şəxs benzini obyektə səpərək oranı yandırıb.

Yanğın zamanı kafedə olan Ceyhun Əhmədli alovdan xilas olmaq üçün ikinci mərtəbədən özünü aşağı atıb. O, aldığı ağır xəsarətlərdən həyatını itirib.

Hadisə nəticəsində daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bəziləri alovdan xilas olmaq üçün ikinci mərtəbədən tullanarkən onurğa sütununun sınığı da daxil olmaqla ağır xəsarətlər alıblar.

Famil Kərimova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 126.2.4 və 186.2.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Bakıda kafe yanğını Sulutəpədə yanğın Famil Kərimov Ceyhun Əhmədli kafeni yandıran şəxs Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmədə şok ifadələr benzinlə yandırılan kafe 5 manatlıq saat yanğında ölən şəxs 12 nəfərin yaralanması qətl hadisəsi kriminal xəbərlər Bakıda cinayət məhkəmə xəbərləri Lent.az

Mənbə: lent.az

Xəbər lenti