IMG-LOGO

Vergi rəsmisi: "Dəyişikliklər hesabına ixrac fəaliyyəti stimullaşdırılacaq"

11 Nov 2026 14:47 7 baxış
IMG

Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin əsas məqsədlərindən biri ölkəyə valyuta axınının artırılması və yerli istehsalçıların təşviq olunmasıdır.

"Report" xəbər verir ki, bunu ATV-nin "İqtisadi zona" verilişinin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib.

"Bundan irəli gələrək, layihədə yerli istehsalçılar tərəfindən ölkə daxilində istehsal olunmuş malların, eləcə də müəyyən sahələr üzrə xidmətlərin ixracından əldə edilən gəlirlərin vergi ödəyicisinin ümumi dövriyyəsinin 25 %-dən çox olmayan hissəsinin mənfəət vergisindən tam azad edilməsi nəzərdə tutulur. Burada da əsas məqsəd, qeyd etdiyimiz kimi, ölkənin ixrac potensialının artırılması və ixrac fəaliyyətinin stimullaşdırılmasıdır", - deyə o qeyd edib.

Bundan başqa, vergi rəsmisinin sözlərinə görə, vergi borclarına görə hesablanan gecikmə faizlərinin azaldılması və maliyyə sanksiyalarının vaxtından əvvəl ödənilməsinə güzəşt tətbiqi təklif olunur: "Bu, sahibkarların vergi və maliyyə yükünün optimallaşdırılmasıdır. İndiyə qədər sahibkarın vergi borcu olduqda borcun ödənilmədiyi müddətdə hər gecikdirilmiş günə görə əsas vergi borcunun 0,1 %-i qədər faiz hesablanırdı. Növbəti ildən bu faiz dərəcəsinin 0,05 %-ə endirilməsi, yəni 50 % azaldılması təklif olunur. Eyni zamanda, digər bir dəyişiklik də sahibkarlara tətbiq olunan maliyyə sanksiyaları ilə bağlıdır. Belə ki, sahibkar tətbiq edilmiş maliyyə sanksiyasını 10 iş günü ərzində ödədiyi təqdirdə, sanksiyanın 10 %-i qədər güzəştdən yararlana biləcək".

Mənbə: report.az

Xəbər lenti