Bakıda övladının ayağı üç yerdən sınan ana uşağına qulluq etmək üçün bülleten ala bilmədiyini iddia edir. Valideynin sözlərinə görə, həkim tərəfindən yataq rejimi təyin edilən və sərbəst hərəkət etmək imkanı olmayan oğluna baxmaq üçün 21 saylı Uşaq Poliklinikasına müraciət etsə də, uşağın yaşı əsas gətirilərək ona bülleten açılmasından imtina edilib.
Lent.az-a müraciət edən valideyn bildirib ki, oğlu bədbəxt hadisə nəticəsində yıxılaraq ağır xəsarət alıb.
Təcili tibbi yardım vasitəsilə travmatologiyaya aparılan uşağın müayinəsi zamanı ayağının üç yerdən sındığı müəyyən edilib və həkim tərəfindən yataq rejimi təyin olunub.
Şikayətçi qeyd edib ki, işləyən ana olduğu üçün övladına qulluq etmək məqsədilə müvəqqəti əmək qabiliyyətsizlik vərəqəsi almaq üçün 21 saylı Uşaq Poliklinikasına müraciət edib. Lakin iddiasına görə, poliklinikanın baş həkimi uşağın vəziyyətini və tibbi sənədlərini ətraflı araşdırmadan onun 14 yaşında olmasını əsas gətirərək bülleten açmaqdan imtina edib.
“Uşağımın ayağı üç yerdən sınıb. Həkim ona yataq rejimi təyin edib. O, nəinki sərbəst hərəkət edə, hətta gündəlik ehtiyaclarını belə köməksiz qarşılaya bilmir. Mən işləyən anayam və övladıma qulluq etmək üçün işdən müvəqqəti azad olunmağa ehtiyacım var. Lakin poliklinikanın baş həkimi oğlumun 14 yaşı olduğunu əsas gətirərək onun özünü idarə edə biləcəyini bildirdi. Ayağı üç yerdən sınmış, yataq rejimində olan uşaq özünə necə qulluq edə bilər? Məgər 14 yaşında olması onun köməyə ehtiyacı olmadığı anlamına gəlir?” - deyə valideyn narazılığını ifadə edib.
Bəs görəsən, övladının 14 yaşı olduğu üçün valideynə bülleten açılmaması qanunla müəyyən olunubmu?
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarının 2 nömrəli əlavəsinin IV bölməsinin 21-ci bəndinə əsasən, 14 yaşı tamam olmuş uşağa qulluqla əlaqədar valideynə xəstəlik vərəqəsi verilmir.
21 saylı Uşaq Poliklinikası Bülleten TƏBİB Şikayət Qanun Nazirlər KabinetiMənbə: lent.az