Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə görə, əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmayan sahibkarlardan nağdsız formada alış-veriş edən vətəndaşlara da ödənilən məbləğin müəyyən hissəsinin geri qaytarılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu ATV-nin "İqtisadi zona" verilişinin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib.
"Məlum olduğu kimi, 2019-cu ildən etibarən ƏDV ödəyicilərindən pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində əhalinin etdiyi alışlar üzrə ƏDV-nin müəyyən hissəsinin nağdsız və nağd ödəmələrə uyğun müxtəlif faiz dərəcələri ilə istehlakçılara geri ödənilməsi tətbiq olunub. "ƏDV geri al" mexanizminin həyata keçirilməsi nəticəsində bu müddət ərzində həmin subyektlərin və sahələrin dövriyyələri daha da şəffaf hala gəlib.
İctimai nəzarətin təmin edilməsi sayəsində əhali çekləri tələb etməyə başlayıb. Bu isə öz növbəsində həm vergi daxilolmalarının artmasına, həm də həmin sahələrdə dövriyyələrin leqallaşdırılmasına səbəb olub. Buna görə də bu layihənin davamı kimi ƏDV ödəyicisi olmayan subyektlərdən əhalinin alışları zamanı yalnız nağdsız qaydada ödənilən vəsaitin müəyyən hissəsinin istehlakçılara qaytarılması nəzərdə tutulur. ƏDV ödəyiciləri ilə müqayisədə yeni mexanizm yalnız nağdsız formada aparılan ödənişlərə tətbiq ediləcək. Bu məqsədlə nağdsız ödənişin 0,9 %-i miqdarında vəsaitin istehlakçılara geri qaytarılması təklif olunur", - deyə o bildirib.
Mənbə: report.az