2027-2030-cu illər ərzində Azərbaycanda orta illik iqtisadi artım tempinin 3,3 %, qeyri-neft-qaz sahəsində isə 4,4 % səviyyəsində olacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2030-cu ilədək qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payının 82 %-ə yüksəlməsi nəzərdə tutulur: "İqtisadi artımda, məşğulluqda özəl sektorun rolunun gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə cari il ərzində də özəl sektorun inkişafının stimullaşdırılması prioritet olaraq qalıb. Dövlət-özəl tərəfdaşlığı, investisiya təşviqi mexanizmi, güzəştli kreditlər, sənaye zonaları, vergi və gömrük güzəştləri kimi alətlərlə sahibkarlığın genişlənməsi dəstəklənib".
A. Bayramov qeyd edib ki, bu stimullaşdırma tədbirləri Azərbaycanın nail olduğu makroiqtisadi nəticələrə, qeyri-neft-qaz sahəsinin böyüməsinə öz müsbət təsirini göstərib:
"Məhz bu təcrübəyə söykənərək cari ildə yeni dəstək mexanizmləri həyata keçirilməyə başlanıb: Bakı və Abşeron bölgəsindən kənarda sahibkarlara ayrılan kreditlər üzrə faizin yarısı dövlət tərəfindən qarşılanır, kredit zəmanəti limiti 20 %-dən 50 %-ə artırılıb, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı müəssisələrinin elektrik şəbəkəsinə qoşulma xərcinin yarısını dövlət öhdəsinə götürəcək. Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsullar isə gələn ildən etibarən daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılacaq. Bu il zonanın infrastrukturunun inkişafına 149 milyon manat vəsait yönəldilib və zona investisiya, istehsal və ixracın əlaqələndirildiyi platforma qismində formalaşdırılır".
Mənbə: report.az