Böyük Britaniya və Almaniya, Rusiyanın hava hücumlarını dəf etmək üçün zəruri olan ABŞ istehsalı "Patriot" raketlərinin tədarükündəki gecikmələr fonunda Kiyevə hərbi yardımı əlaqələndirmək üçün Ukraynanın müttəfiqlərini NATO-nun Brüsseldəki mənzil-qərargahında toplayacaq.
Bu barədə "Report"un Avropa bürosu NATO-ya istinadən xəbər verir.
Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun "Ramştayn" formatında iclası noyabrın 17-də keçiriləcək.
ABŞ istehsalı olan "Patriot" raketlərinin tədarükü məsələsi Ukrayna üçün aktual olaraq qalır. Prezident Volodimir Zelenski bildirmişdi ki, Kiyev tədarükü gecikən raketlərin alınması üçün ABŞ-nin müdafiə naziri Pit Heqsetin icazəsini gözləyir.
Avropa Komissiyasından vurğulayıblar ki, davam edən Rusiya hücumları fonunda hava hücumundan müdafiə Ukrayna üçün əsas prioritet olaraq qalır.
Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, Ukraynaya dəstək üzrə kredit proqramı çərçivəsində artıq 28,3 milyard avro dəyərində satınalma planları təsdiqlənib ki, bu planlar o cümlədən ABŞ-nin gələcək istehsalından "Patriot" raketlərinin alınmasını da nəzərdə tutur. Lakin bu cür tədarüklər vaxt tələb edir, buna görə də Aİ dəfələrlə üzv dövlətləri və beynəlxalq tərəfdaşları öz ehtiyatlarından Ukraynaya raketlər verməyə çağırıb.
Avropa Komissiyasından bildirilib ki, kredit proqramı "Patriot" raketlərinin Aİ və Ukrayna hüdudlarından kənarda istehsal olunmasına baxmayaraq, onların alınmasını maliyyələşdirməyə imkan verən istisnanı nəzərdə tutur.
Tədarüklərin təşkili üzrə işlər davam edir və Avropa Komissiyası raketlərin yaxın vaxtlarda Kiyevə veriləcəyini gözləyir.
Mənbə: report.az