Cənubi Koreya və Almaniya ikitərəfli münasibətlərin genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı razılığa gəlib.
"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti administrasiyasının dərc etdiyi birgə bəyanatda deyilir.
Bu tərəfdaşlıq çərçivəsində iki ölkə təhlükəsizlik və perspektivli texnologiyalar sahəsində əməkdaşlığı dərinləşdirəcək.
"Qlobal risk və çağırışların artmasının əlaqələndirilmiş addımlar tələb etdiyini nəzərə alaraq, hər iki ölkə ikitərəfli və çoxtərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə intensivləşdirməklə bağlı razılığa gəlib. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin, kadr hazırlığı sahəsində əməkdaşlığın, eləcə də məlumat mübadiləsinin dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər", - bəyanatda deyilir.
Qeyd olunur ki, razılaşma Cənubi Koreya Prezidenti Li Çje Myon və Almaniya Kansleri Fridrix Mertsin Seulda keçirilən sammitində əldə edilib.
Mənbə: report.az