IMG-LOGO

Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək

29 Oct 2026 04:25 2 baxış
IMG

Albaniyada tələbələrin etiraz dalğası fonunda hökumət dialoq üçün təqaüdlərlə bağlı yeni tədbirlər həyata keçirir.

"Report"un Balkan bürosu xəbər verir ki, Albaniyanın Baş naziri Edi Rama tələbələrə dəstək tədbirləri ilə bağlı açıqlamasında aztəminatlı ailələrdən olan tələbələrin təqaüdlərinin 15 000 lek (təxminən 315 manat) artırılacağını və magistratura tələbələrinin dövlətin təqaüd proqramına daxil ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, tələbələrə göstərilən maliyyə dəstəyi minimum əməkhaqqının yarısına, yəni 25 000 lekə (təxminən 522 manat) çatdırılacaq. Bundan əlavə, hazırda parlamentdə müzakirə olunan yeni mənzil qanun layihəsinə tələbələr və gənc cütlüklər üçün güzəştlər daxil edilib.

Baş nazir həmçinin tələbələri danışıqlara qayıtmağa çağırıb və hökumətin 2018-ci ildə qəbul edilmiş "Universitet üçün Pakt"ı yeniləməyə hazır olduğunu bildirib.

Rama tələbə nümayəndələri ilə onların seçəcəyi istənilən vaxt və məkanda açıq müzakirələr aparmağa hazır olduğunu da vurğulayıb.

Edi Rama daha əvvəl də etiraz aksiyalarında iştirak edən tələbə və müəllimləri dialoqa çağırmışdı, lakin onun bu təklifi rədd edilmişdi.

Xatırladaq ki, Tiranada tələbələrin təşkil etdiyi etiraz aksiyalarına vətəndaşların da qoşulması onun miqyasını böyüdüb. Aksiyalar genişmiqyaslı zorakılıqla nəticələnib.

Mənbə: report.az

Xəbər lenti