IMG-LOGO

Niyə yuxu görürük: elm onların mənası haqqında nə deyir?

14 Sep 2026 10:37 2 baxış
IMG
0 0

İnsan yatarkən beyin fəaliyyətini dayandırmır. Əksinə, gecə ərzində gün ərzində əldə olunan məlumatları emal edir, xatirələri sistemləşdirir və emosional təcrübələrin işlənməsində iştirak edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müasir neyroelmi araşdırmalar yuxugörmənin təsadüfi proses olmadığını, beynin müxtəlif sahələrinin iştirakı ilə baş verdiyini göstərir.

Ən parlaq və yadda qalan yuxular əsasən gözlərin sürətli hərəkəti ilə xarakterizə olunan REM mərhələsində görülür. Bu zaman beynin emosiyalarla əlaqəli limbik sistemi daha fəal olur, məntiqi düşünmə və nəzarətlə əlaqəli bəzi sahələrin fəaliyyəti isə dəyişir. Məhz buna görə yuxulardakı hadisələr bəzən qeyri-adi və məntiqsiz görünür.

Alimlər hesab edirlər ki, yuxugörmə yaddaşın möhkəmləndirilməsi və emosiyaların emalı prosesində rol oynaya bilər. Gün ərzində yaşanan hadisələrin müəyyən elementləri gecə yuxularında yenidən ortaya çıxa və fərqli şəkildə formalaşa bilər.

Yuxuların əsas funksiyalarından birinin yaddaşın konsolidasiyası olduğu ehtimal edilir. Aparılan təcrübələr insanların yatmazdan əvvəl qarşılaşdıqları məlumatların bəzi hissələrinin sonradan yuxularında əks oluna bildiyini göstərib.

Digər mühüm məqam emosional tənzimləmədir. Bəzi araşdırmalara görə, yuxular mənfi emosional təcrübələrin işlənməsinə və ertəsi gün həmin hadisələrə qarşı emosional reaksiyanın dəyişməsinə kömək edə bilər.

Mütəxəssislər yuxuların təhlükəli vəziyyətlərin zehni simulyasiyası funksiyasını daşıya biləcəyini də ehtimal edirlər. Bu nəzəriyyəyə görə, beyin yuxu zamanı müxtəlif təhlükə ssenarilərini modelləşdirərək mümkün reaksiyaları bir növ “məşq etdirir”.

Bundan başqa, yatarkən beyin gündüz həll edilə bilməyən problemlər üzərində işləməyə davam edə bilər. Buna görə bəzi insanlar səhər oyandıqdan sonra daha əvvəl çətin görünən məsələnin həllini daha asan tapa bilirlər.

Bəs niyə bəzi yuxuları xatırlayırıq, digərlərini isə unuduruq?

Bu, əsasən insanın yuxunun hansı mərhələsində oyanması ilə əlaqələndirilir. REM mərhələsində və ya ondan dərhal sonra oyanan insanların yuxularını xatırlamaq ehtimalı daha yüksəkdir. Digər mərhələlərdə oyandıqda isə yuxunun məzmunu qısa müddətdə yaddaşdan silinə bilər.

Mütəxəssislərin fikrincə, yuxu görmədiyini düşünən insanların böyük hissəsi əslində yuxularını sadəcə xatırlamır. Yuxugörmə yalnız REM mərhələsi ilə məhdudlaşmır və yuxunun başqa mərhələlərində də baş verə bilər.

Yuxuların gələcəyi xəbər verməsi ilə bağlı isə elmi sübut yoxdur. Alimlər bildirirlər ki, yuxular daha çox insanın yaddaşında olan məlumatların, gündəlik hadisələrin və emosiyaların işlənməsi nəticəsində yaranır.

Beləliklə, yuxuların sirri hələ tam açılmasa da, müasir araşdırmalar onların yaddaş, emosional vəziyyət və beynin informasiya emalı prosesləri ilə sıx əlaqəli olduğunu göstərir.

yuxu yatmaq

Mənbə: lent.az

Xəbər lenti