Çay və ya qəhvə içdiyimiz fincanın rəngi və materialı təkcə içkinin dadına deyil, sağlamlığa da təsir göstərə bilər. Çox az insan çay və ya qəhvə içərkən istifadə etdiyi fincanın materialının sağlamlığa təsiri barədə düşünür. Lakin araşdırmalar göstərir ki, bəzi qab növləri zərərli maddələr buraxa, fincanın rəngi isə içkinin dadının qəbul edilməsini dəyişdirə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, keramika və şüşə fincan üçün ən uyğun materiallardan hesab olunur. Onlar içki ilə reaksiyaya girmir və zərərli maddələr buraxmır. Bununla belə, bəzi keramika məhsullarının üzərindəki şirə və boyaların tərkibində qurğuşun və ya kadmium ola bilər. Bu risk xüsusilə istehsal standartlarına uyğun hazırlanmayan məhsullarda mövcuddur.
Hansı fincanlardan uzaq durmaq lazımdır?
Fayans qablar qurğuşun da daxil olmaqla zəhərli qarışıqlar ehtiva edə bilər. Bu maddələrin zamanla orqanizmdə toplanması zəhərlənməyə səbəb ola bilər. Plastik fincanlar xüsusilə qızdırıldıqda arzuolunmaz hesab olunur. Onlardan bisfenol-A (BPA) və digər kimyəvi birləşmələrin ayrılması mümkündür. Bu maddələrin hormonal sistemə mənfi təsir göstərə biləcəyi bildirilir.
Alüminium fincanların istifadəsi ilə bağlı da ehtiyatlı olmaq tövsiyə edilir. Məqalədə alüminiumun orqanizmdə metal yığılmasına səbəb ola biləcəyi və bunun Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərlə əlaqəli ola biləcəyi qeyd edilir.
Fincanın rəngi içkinin dadına necə təsir edir?
İlk baxışdan qəhvə və ya çayın dadının yalnız məhsulun keyfiyyətindən asılı olduğu düşünülür. Lakin bəzi araşdırmalar qabın rənginin də dadın qəbul edilməsinə təsir göstərə biləcəyini göstərir. Mavi və ya göy fincan çay və qəhvənin dadının daha yumşaq və şirin qəbul edilməsinə səbəb ola bilər.
Ağ fincan içkinin acılığını daha qabarıq hiss etdirə bilər. Qırmızı və narıncı fincanlar isə daha zəngin dad təəssüratı yarada bilər. Bununla yanaşı, belə rəngli keramika qabların şirə və boyalarının keyfiyyətinə diqqət yetirmək lazımdır.
Qablarla bağlı xalq inancları
Xalq inanclarına görə, çatlamış və kənarı qırılmış fincanlardan istifadə uğursuzluq, maddi çətinlik və itkilərlə əlaqələndirilir. Məsələnin praktik tərəfi də var. Zədələnmiş səthlərdə çirk və bakteriyalar toplana bilər. Bundan başqa, zədələnmiş keramika qabdan xırda hissəciklərin ayrılması ehtimalı olduğuna görə belə fincanlardan istifadə etməmək daha məqsədəuyğundur.
Maraq isti içkilər çay qəhvəMənbə: lent.az