IMG-LOGO

Xarici diplomatlar Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində

11 Sep 2026 11:03 3 baxış
IMG
0 0

Diplomatik korpusun nümayəndələri Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar.

APA-nın Qarabağa ezam olunmuş müxbirinin xəbərinə görə, səfər çərçivəsində diplomatlara kompleksdə görülən işlər və tikintinin hazırkı vəziyyəti barədə məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Xankəndidə Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası mühüm layihələrdən biridir.

Onun sözlərinə görə, kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sosial-iqtisadi dirçəlişə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Bildirilib ki, kompleks, həmçinin ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat səfər etməsində mühüm rol oynayacaq.

Qeyd edilib ki, ümumilikdə Ağdam-Xankəndi dəmir yolu xətti boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də digər zəruri infrastrukturun tikintisi planlaşdırılır: "Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Xətt üzrə layihələndirmə işləri tamamlanıb. Layihənin icrası 2025-2026-cı illəri əhatə edir".

Xüsusi nümayəndə Elçin Yusubov Xankəndidə ictimai nəqliyyat şəbəkəsinin də formalaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, yeni marşrut şəbəkəsi üzrə avtobus xətləri istifadəyə verilib və şəhər sakinləri həmin marşrutlardan rahat şəkildə istifadə edirlər: "Marşrut xətləri boyunca ümumilikdə 62 ünvanda dayanacaq məntəqəsi müəyyənləşdirilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşımalar elektrik avtobusları ilə həyata keçirilir. Xankəndidə əhalinin mövcud tələbatı nəzərə alınaraq ilkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçirilir. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Fiziki kartların balansını Xankəndi şəhərində quraşdırılmış ödəniş terminalları vasitəsilə artırmaq mümkündür".

Xüsusi nümayəndə qeyd edib ki, artıq Azərbaycanın müxtəlif şəhər və rayonlarından Xankəndiyə avtobus marşrutları açılır, bu da əhalinin şəhərə rahat və mütəmadi gediş-gəlişinə imkan yaradır.

Xarici diplomatlar Qarabağ

Mənbə: lent.az

Xəbər lenti