"Bantik" mağazalar şəbəkəsində satıcı işləmiş Aysu Abdullayeva işdən ayrıldıqdan sonra ona ödənilməli olan bonus pullarının verilmədiyini və bununla bağlı sosial şəbəkədə paylaşdığı videoya görə hədələndiyini iddia edib.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abdullayeva Aysu Bakir qızının əmək hüquqlarının pozulması ilə bağlı müraciəti Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırılıb:
"Araşdırma zamanı “Bright Beauty” MMC-dən aidiyyəti sənədlərin təqdim edilməsi tələb edilib, sənədlərin tam təqdim olunmaması ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb. “Bright Beauty” MMC-nin vəzifəli şəxsi və hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilib.
Müraciətlə bağlı vətəndaşa müvafiq qaydada cavab verilib".
Xidmətin açıqlamasında qeyd olunub ki, “Bright Beauty” MMC-nin vəzifəli şəxsi və hüquqi şəxsi inzibati məsuliyyətə cəlb edilib və müəssisə cərimə olunub.
Həmçinin bildirilib ki, müraciətlə bağlı vətəndaşa müvafiq qaydada cavab verilib.
Qeyd edək ki, mediada “Bantik”lə bağlı ötən günlərdə də oxşar iddia yayılıb. Belə ki, 2024-cü ildə mağazada satıcı işlədiyini deyən qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını bildirib.
Şirkətin rəhbəri Leyla Əliyeva isə həmin iddiaya cavab olaraq qadını tanımadığını və problemin həlli üçün onunla əlaqə saxlamağa hazır olduğunu qeyd edib.
Blogerlərin həbsi kriminal xəbərlər Bantik mağazalar şəbəkəsi

Mənbə: lent.az