Orta əsrlərdə insanların bütün gecəni fasiləsiz yatmadığı, yuxunun iki ayrı mərhələyə bölündüyü bildirilir. Tədqiqatçılar hesab edir ki, insanlar gecənin ortasında oyandıqdan sonra həmin vaxtı dua etməyə, söhbətləşməyə, ev işlərinə və həyat yoldaşları ilə vaxt keçirməyə sərf edirdilər.
Lent.az xəbər verir ki, bu barədə tarixi mənbələrə əsaslanan araşdırma aparılıb.
Araşdırmaya görə, insanlıq tarixinin uzun bir dövründə iki mərhələli yuxu adi hal sayılıb. İlk yuxu təxminən saat 21:00-23:00 arasında başlayıb və bir neçə saat davam edib. Bundan sonra insanlar bir-iki saat oyaq qalıb, daha sonra yenidən yataraq səhərə qədər dincəliblər.
Birinci yuxu və ikinci yuxu nə idi?Tarixçi Rocer Ekirx qədim sənədlərdə birinci və ikinci yuxu ifadələrinin dəfələrlə işlədilməsinə diqqət çəkib.
Onun araşdırdığı mənbələrdən biri 1699-cu ildə İngiltərədə baş verən qətl hadisəsi ilə bağlı məhkəmə ifadəsi olub. Doqquz yaşlı Ceyn Rout ifadəsində anası ilə birlikdə birinci yuxudan sonra oyandıqlarını bildirib.
Bu detal tarixçinin marağına səbəb olub və o, başqa mənbələri də araşdırmağa başlayıb. Nəticədə oxşar ifadələrin ədəbi əsərlərdə, tibbi mətnlərdə, mahnılarda və digər tarixi sənədlərdə də yer aldığı müəyyən edilib.
Birinci və ikinci yuxudan Cefri Çoserin “Kenterberi hekayələri” əsərində də bəhs olunur. Oxşar məlumatlara yalnız İngiltərədə deyil, başqa ölkələrə aid tarixi mənbələrdə də rast gəlinib.
Plutarx və Livi kimi qədim müəlliflərin əsərlərində də iki mərhələli yuxuya dair qeydlərin olması bu yuxu rejiminin Orta əsrlərdən daha əvvəl də yayıldığını düşünməyə əsas verir.
İnsanlar gecənin ortasında niyə oyanırdı?Gecə oyanan insanlar həmin vaxtı sadəcə yataqda keçirmirdilər. Bəziləri ev işləri görür, digərləri dua edir və ya düşüncələrə dalırdı.
Ailə üzvlərinin yataqda söhbət etməsi də adi hal hesab olunurdu. Evli cütlüklər üçün isə gecənin bu hissəsi birlikdə və daha sakit vaxt keçirmək imkanı yaradırdı.
Ekirxın araşdırmalarına əsasən, insanlar gecə tualetə getmək, tütün çəkmək və hətta qonşularına baş çəkmək üçün də yataqdan qalxırdılar. Bəziləri həmin vaxt gördükləri yuxular haqqında düşünürdülər.
O dövrdə yuxu şəraiti indiki dövrlə müqayisədə xeyli fərqli idi. İnsanlar bəzən qohumları və digər ailə üzvləri ilə eyni yataqda yatırdılar. Gigiyenik şərait də zəif olduğundan yataqlarda bit, birə və digər parazitlərə rast gəlinirdi.
İki mərhələli yuxu niyə yoxa çıxdı?Tədqiqatçılar hesab edir ki, insanların yuxu vərdişlərinin dəyişməsində əsas amillərdən biri süni işıqlandırmanın geniş yayılması olub.
İşıqlandırmanın inkişafı insanlara gün batdıqdan sonra daha uzun müddət oyaq qalmağa imkan verib. Süni işıq eyni zamanda yuxu və oyaqlıq dövrünü tənzimləyən melatonin hormonunun ifrazına da təsir edə bilir.
Maraqlıdır ki, insanların bir neçə həftə ərzində saat və süni işıqlandırma olmadan yaşadığı təcrübələrdə iki mərhələli yuxu rejiminin yenidən təbii şəkildə yarandığı müşahidə olunub.
yuxu Orta əslər birinci və ikinci yuxu tarixi mənbələr tarixi araşdırmalarMənbə: lent.az