IMG-LOGO

2026-cı ilin ən yaxşı 8 filmi açıqlandı

19 Aug 2026 09:42 2 baxış
IMG
6 0

2026-cı il kino həvəskarları üçün bir sıra səs-küylü premyeralarla yadda qalır. Kristofer Nolanın Homerin məşhur əsərinə müraciətindən Zendaya və Robert Pattinsonun baş rollarda çəkildiyi romantik komediyaya qədər müxtəlif janrlarda filmlər tamaşaçıların diqqətini çəkib.

Lent.az xarici mediaya istinadən 2026-cı ilin diqqətçəkən filmlərindən bəzilərini təqdim edir.

“The Odyssey”

İlin ən çox gözlənilən ekran əsərlərindən biri Kristofer Nolanın “The Odyssey” filmidir. Homerin məşhur poemasının irimiqyaslı ekranlaşdırılmasında Odissey obrazını Mett Deymon canlandırır.

Filmdə Enn Heteuey, Robert Pattinson, Tom Holland və Zendaya da rol alırlar. Troya müharibəsindən sonra İtakaya qayıtmağa çalışan Odisseyin təhlükəli səyahəti IMAX kameraları ilə lentə alınıb.

“The Sheep Detectives”

Bədii kino ilə CGI animasiyasını birləşdirən ekran əsərində Hyu Cekman hər axşam qoyunlarına detektiv romanları oxuyan çoban Corc obrazındadır. Corc öldürüldükdən sonra qoyunlar illərlə dinlədikləri detektiv hekayələrindən öyrəndiklərini tətbiq edərək onun qatilini tapmağa çalışırlar.

Filmin aktyor heyətində Emma Tompson və Nikolas Braun da yer alır. Qoyun obrazlarını isə Culiya Lui-Dreyfus, Brayan Krenston və Brett Qoldşteyn kimi məşhur aktyorlar səsləndirirlər.

“28 Years Later: The Bone Temple”

2002-ci ildə çəkilmiş “28 Days Later” ilə başlayan hekayənin davamı tamaşaçını yenidən zombi fəlakətinin içinə aparır.

Ssenarisi Aleks Qarlend tərəfindən yazılan filmin rejissoru Nia Dakostadır. Ekran əsəri klassik qorxu elementlərini fərqli mifologiya və qara yumorla birləşdirir. Reyf Fayns da filmin diqqətçəkən simalarından biridir.

“My Father's Shadow”

Akinola Devisin filmi tamaşaçını 1993-cü ilin Nigeriyasına aparır. Hekayənin mərkəzində ata və onun iki azyaşlı oğlu dayanır.

Bir günlük ailə səfəri fonunda Nigeriyada prezident seçkiləri və nəticələrin hərbi hakimiyyət tərəfindən ləğv edilməsindən doğan siyasi böhran göstərilir. Filmin ssenarisi qismən rejissor Akinola Devis və qardaşı Veyl Devisin uşaqlıq xatirələrinə əsaslanır.

“Wuthering Heights”

Rejissor Emerald Fennell Emili Brontenin 1847-ci ildə nəşr edilmiş məşhur romanına yeni baxış təqdim edib. Marqo Robbi və Ceykob Elordi filmdə Keti və Hitklif obrazlarını canlandırırlar.

Ekran əsəri rəngarəng və sərt üslubu ilə seçilir.

“Project Hail Mary”

Endi Ueyrin eyniadlı romanı əsasında çəkilən elmi-fantastik filmdə problemlərin həlli üçün silahdan deyil, insan zəkasından və elmdən istifadə ön plana çıxarılır. Fil Lord və Kristofer Millerin rejissorluq etdiyi ekran əsərində kosmos, yadplanetli həyat və bəşəriyyətin gələcəyi ilə bağlı mövzular macəra elementləri ilə birləşdirilib.

“Two Prosecutors”

Hadisələr 1937-ci ildə, Stalin repressiyalarının ən ağır dövrlərindən birində baş verir. Baş qəhrəman Kornev siyasi məhbusdan gizli məktub alan gənc sovet hüquqşünasıdır.

Məhbus həbsxanada baş verən işgəncələri üzə çıxarmağa çalışır. Ədalətin hələ mümkün olduğuna inanan Kornev həqiqəti araşdırdıqca repressiv sistemin daha qaranlıq tərəfləri ilə qarşılaşır.

“The Drama”

Siyahını Zendaya və Robert Pattinsonun baş rollarda çəkildiyi romantik dram tamamlayır. Onlar evlənməyə hazırlaşan Emma və Çarli obrazlarını canlandırırlar.

Toylarına bir həftə qalmış Emma nişanlısına keçmişi ilə bağlı qaranlıq sirrini açıqlayır. Bundan sonra romantik münasibət psixoloji gərginliyə çevrilir və Çarli evlənmək üzrə olduğu insanı həqiqətən tanıyıb-tanımadığını sorğulamağa başlayır. 

kino filmlər 2026 filmləri film tövsiyələri Hollivud

Mənbə: lent.az

Xəbər lenti