IMG-LOGO

Bu 4 Android markası istifadəçiləri məyus edir

18 Aug 2026 16:01 2 baxış
IMG
49 0

Bəzi Android smartfonları güclü texniki göstəricilərə malik olsa da, proqram təminatı baxımından uzun müddət dəstəklənmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin araşdırmasına görə, Motorola, Xiaomi, TCL və "RedMagic" yeniləmə müddətinin qısalığı ilə seçilən Android istehsalçıları sırasındadır.

"Google" və "Samsung" bəzi aktual modellərinə 6-7 ilədək proqram dəstəyi təqdim etdiyi halda, bu markaların müəyyən cihazları cəmi bir və ya iki əsas Android yeniləməsi alır. Motorolanın hətta bəzi flaqman modelləri yalnız iki əsas Android yeniləməsi və təxminən üç il təhlükəsizlik yeniləməsi ilə kifayətlənir. Orta büdcəli modellərdə isə bəzən yalnız bir Android versiyası yenilənir. Bununla belə, Moto G seriyası münasib qiyməti, yaxşı batareya ömrü və kameraları ilə seçilir.

Xiaomi son illərdə yeniləmə siyasətini yaxşılaşdırıb. Xiaomi 14 və Xiaomi 15 kimi modellərə beş ilədək dəstək, Poco F6-ya isə dörd il yeniləmə vəd edilir. Lakin büdcə seqmentindəki Redmi və Poco modellərinin bir çoxu hələ də iki-üç illik dəstəklə məhdudlaşır.

TCL smartfonlarında vəziyyət daha zəifdir. Şirkətin bir çox orta büdcəli cihazına iki ildən artıq proqram dəstəyi verilmir. Hətta bəzi modellərin Android-in növbəti versiyasını ümumiyyətlə almadığı hallar da olub. Bunun müqabilində TCL xüsusilə elektron kitab ekranını xatırladan Nxtpaper texnologiyası ilə fərqlənir.

"RedMagic" isə oyun smartfonlarında yüksək performans təqdim etsə də, proqram dəstəyi baxımından rəqiblərindən geri qalır. RedMagic 11 Pro-dan başlayaraq şirkət iki əsas Android yeniləməsi və üç il təhlükəsizlik yeniləməsi təklif edir.

Ekspertlər qeyd edirlər ki, güclü prosessor, böyük batareya və keyfiyyətli ekran smartfonun uzun illər istifadəsinə imkan versə də, proqram yeniləmələrinin tez başa çatması cihazın təhlükəsizliyi və yeni funksiyalardan istifadə imkanları baxımından problem yarada bilər.

texno telefon Samsung

Mənbə: lent.az

Xəbər lenti