Çinin “Xiaomi” şirkəti smartfon biznesində ən çətin dövrün geridə qaldığını açıqlayıb.
Lent.az xəbər verir ki, şirkət xüsusilə yaddaş çiplərinin qiymətində artım tempinin ilin ikinci yarısında zəifləyəcəyini gözləyir.
Bununla belə, “Xiaomi”nin ikinci rüb göstəriciləri zəif olub. Şirkətin düzəliş edilmiş xalis mənfəəti illik müqayisədə 42,6 faiz azalaraq 6,2 milyard yuan təşkil edib. Gəlir isə 6,1 faiz azalaraq 108,9 milyard yuana düşüb.
Smartfon satışları da ciddi geriləyib. Şirkət ikinci rübdə 31,2 milyon telefon tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz azdır. Smartfon biznesinin gəliri isə 7,5 faiz azalaraq 42,1 milyard yuan olub.
“Xiaomi” bildirir ki, yaddaş çiplərinin qiymətləri hələ də yüksək olaraq qalır, lakin qiymət artımının sürəti artıq zəifləməyə başlayıb. Şirkət bunun smartfon biznesinə təzyiqi azaltacağını düşünür.
Eyni zamanda şirkət elektrik avtomobilləri və süni intellekt sahələrinə daha çox diqqət ayırır. İkinci rübdə “Xiaomi”nin elektrik avtomobillərinin satışları 28,2 faiz artaraq 104 199 ədədə çatıb.
Xiaomi
Mənbə: lent.az